QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xarici jurnalistlər və ictimai-siyasi xadimlər Azərbaycana dəstək veriblər

Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir
Sputnik

BAKI, 1 oktyabr — Sputnik. Bir sıra ölkələrin ekspertləri, tanınmış jurnalistləri, ictimai-siyasi xadimləri Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi əks-hücum əməliyyatlarına dəstək veriblər. Onlar dünya ictimaiyyətini Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırıblar.

Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib.

Həmin münasibətlərin bəzilərini təqdim edirik:

Amerikalı jurnalist və analitik İrina Tsukerman: "Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir".

Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib: "1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan Yerevan rejiminin oğurladığını geri qaytarır".

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: "Şübhəsiz, Qarabağ Azərbaycandır… Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycana birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər".

Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: "Soyqırım, işğal və təcavüz".

İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayan, heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib. O bildirib ki, "Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir".