BAKI, 1 oktyabr — Sputnik. "İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom" mobil operatoru sərhəd xəttinə hətta ən yaxın yerlərdə, Tərtərdən 25-20 km məsafədə ən azı bir baza stansiyası qurub. Hansı ki, orada bizim 3 mobil operatorun stansiyaları qurulmalıydı".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz danışıb.
O qeyd edib ki, xəritədən görmək olur ki, elə ərazilər var, məsələn, Ağdərə ətrafında, hətta iki baza stansiyası qurublar.
"20 ildir ki, "Karabakh Telecom"un əslən Livandan olan sahibləri, Fatuş qardaşları beynəlxalq hüquqa, beynəlxalq normalara tüpürərək bizim torpaqlarda biznes qurub, pul qazanırlar. Lisenziyanı da indi beynəlxalq hüquqdan dəm vuran Ermənistandan alıb. İndi cavab verməli məqam yetişib. Düşünürəm ki, gələcəkdə onlara qarşı bizim resurslar hesabına topladıqları kapitalla bağlı iddiaları aidiyyəti qurumlarımız indidən hazırlasalar, faydalı olardı. Əminəm ki, "Karabakh Telecom"-un hazır mobil şəbəkəsinə, hazır tezliklərinə sahib olmaqla bağlı bizim mobil operatorlar arasında sağlam mübarizəni görmək bizə qismət olacaq", - deyə ekspert qeyd edib.
O.Gündüz ehtimal edir ki, erməni hərbi birləşmələri, erməni hərbçiləri hazırda "Karabakh Telecom"-un mobil xidmətlərindən də yararlanırlar: "Əminəm ki, bu baza stansiyaların, onlar arasındakı magistral telekommunikasiya xətlərinin koordinatları bizim ordumuzda da var".