QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərdoğan Türkiyədə yaşayan ermənilərlə bağlı tapşırıq verdi

Prezident Ərdoğan türkləri qardaş ölkədə yaşayan erməni əsilli vətəndaşlara qarşı ayıq-sayıq olmağa çağıraraq narahatlıq yaradacaq hər hansı bir təşəbbüsə yol verilməməsinin vacibliyini vurğulayıb
Sputnik

BAKI, 1 okt — Sputnik. Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın rəhbərliyi ilə AKP Mərkəzi İdarə Heyətinin bu gün keçirilən iclasında və bundan sonra bəzi partiya nümayəndələri ilə baş tutan görüşdə son günlər Azərbaycanla Ermənistan arasında yaşanan gərginlik geniş müzakirə olunub.

Sputnik Azərbaycan-ın Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, təxminən iki saat davam edən müzakirələrdə vurğulanıb ki, Türkiyə və Azərbaycan arasında 2010-cu ildə imzalanmış "Strateji tərəfdaşlıq" müqaviləsi çərçivəsində Azərbaycan tərəfi Türkiyəyə hərbi yardım üçün müraciət etsə, bu, təmin olunacaq. Eyni zamanda, iclasda indiyə kimi Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığı çərçivəsində Azərbaycanda iki ölkənin hərbçilərinin birgə hərbi təlimlərinin keçirildiyi vurğulanaraq bildirilib ki, bununla belə, hazırda Azərbaycana hərbi və texniki təchizat sahəsində dəstəyin göstərilməsi məsələsi müzakirə olunmur.

Görüşdə bir daha Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu qeyd olunub və Ermənistan işğalçı siyasətinə son qoymayana qədər Azərbaycanın hazırda təhlükədə olan torpaqlarının toxunulmazlığının ən yüksək formada müdafiə olunacağı bildirilib.

Prezident Ərdoğan türkləri qardaş ölkədə yaşayan erməni əsilli vətəndaşlara qarşı ayıq-sayıq olmağa çağıraraq narahatlıq yaradacaq hər hansı bir təşəbbüsə yol verilməməsinin vacibliyini vurğulayıb.