CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil naziri dərslərin aqibəti haqda: Bakıda ibtidai siniflər həftədə 3 dəfə dərs keçəcək

Emin Əmrullayev: "Bakı, Sumqayıt və Abşeronda şagird sayı 200-dən aşağı məktəb yoxdur. Orada ibtidai siniflərdə dərslər həftədə 3 günə keçirilir. Digər bölgələrdə şagird sayı 200-dən çox olanda, dərslər 3 dəfə, 200-dən az olanda həftədə 5 gün olacaq"
Sputnik

BAKI, 30 sentyabr — Sputnik. "Cəbhə bölgəsində 14 inzibati ərazi vahidində olan məktəblərdə hərbi vəziyyətlə bağlı təhdid olarsa, fəaliyyəti dayandıracaq. Yox, əgər, bu səbəbdən hər hansı risk, təhdid yoxdursa, pandemiya şərtlərinə uyğun dərslər davam edəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

O qeyd edib ki, vəziyyətə uyğun olaraq, cəbhə bölgəsində 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb: "Bu gün dərs keçmək mümkün olmasa da, bir neçə gündən sonra dərsləri bərpa etmək mümkün olacaq. İnanırıq ki, uzunmüddətli bağlanma olmayacaq. Üç rayonda bütün məktəblərin, 11 rayonda isə yerləşdiyi yerdən asılı olaraq, təhsilin dayandırılmasına qərar verilib".

E.Əmirullayev əlavə edib ki, oktyabrın 1-dən məktəblərdə dərslər kateqoriyalar üzrə keçiləcək: 

"Bakı, Sumqayıt və Abşeronda şagird sayı 200-dən aşağı məktəb yoxdur. Orada ibtidai siniflərdə dərslər həftədə 3 günə keçirilir. Digər bölgələrdə şagird sayı 200-dən çox olanda, dərslər 3 dəfə, 200-dən az olanda həftədə 5 gün olacaq".

Nazir deyib ki, məktəblərdə ara məsafəsi gözləmək tələb olunur.

Onun sözlərinə görə, sabahdan dərslər açılır, V-IX siniflər həftədə 3 dəfə olmaqla əyani dərslərə başlayacaqlar. Əyani dərslərdə həftəlik dərs yükü 15 saat olacaq, yəni gündəlik 5 saat dərs:

"İnanırıq ki, 15 saat ərzində Azərbaycan dili, riyaziyyat, ingilis dili və digər dərsləri əyani formada keçəcəyik, bəzi dərslər isə distant formada keçiriləcək. X-XI siniflərin isə oktyabrın 15-dən əyani dərslərə cəlb olunması nəzərdə tutulub".