QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhə bölgəsində mülki əhali sığınacaqların həyati vacib olduğunu qavraya bilmir - ekspert

Cəbhə boyu ərazilərdə, yaşayış məntəqələrində zirzəmilərdən sığınacaq kimi istifadə edilməsi ilə bağlı təlimatlar verilib.
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Cəbhəboyu ərazilərdə əsas narahatlıq sığınacaqlarla bağlı idi. Bu problem də artıq həllini tapıb. Düşmən ağır hava zərbələri endirməyə başlayan zaman mülki vətəndaşların qorunması və sığınması üçün tapşırıqlar verilib.

Bu barədə Sputnik Azərbaycan-a hərbi ekspert Ramil Məmmədli məlumat verib.

O qeyd edib ki, sığınacaqlarla bağlı xüsusi qanunvericlik bazası yoxdur və bu, sırf Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan məsələdir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin saytında Fövqəladə hallarla bağlı davranış qaydaları yer alıb. Məlumatda qeyd edilir ki, təxliyyə təbii fəlakətlər, istehsalat qəzaları, müharibələr və digər fövqəladə hadisələr zamanı əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədilə fəlakət zonasından çıxarılaraq təhlükəsiz ərazilərə yerləşdirilməsidir. Təxliyyədən qabaq və təxliyyə zamanı əhali xüsusi siqnallar və rəsmi qurumların informasiyaları əsasında hərəkət etməlidir. Hər bir binanın mütləq şəkildə təxliyyə planı olmalıdır. Bu plan binadan təxliyyə yollarını, hərəkətlərin ardıcıllığını özündə əks etdirən və hər mərtəbənin ümumi dəhlizində hamının görə biləcəyi yerdə divardan asılan lövhədə əks olunmalıdır. Planın mətn hissəsində planın izahı və digər məlumatlar yer alır.

Müdafiə Nazirliyi yeni məlumat yaydı: Düşmənin daha iki tankı məhv edilib

Məlumatda bildirilir ki, kütləvi qırğın silahlarının törətdiyi zədələyici amillərdən, bakterial vasitələrdən, yanğın zonalarındakı yüksək temperatur və zərərli qazlardan, habelə adi silahların törətdiyi təhlükələrdən əhalinin mühafizəsi üçün xüsusi mühafizə qurğularından - sığınacaqlardan istifadə olunur. Adətən sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və s. hazırlanır.

Əhaliyə mühafizə qurğularına sığınma barədə ilk məlumatı müvafiq orqanlar verir və bu orqanların göstərişlərinə əsasən hərəkət edilməlidir. Mülki müdafiə orqanları fövqəladə vəziyyət barədə əhalini vaxtında xəbərdar etmək məqsədilə sirenalar, istehsalat fitləri və digər siqnallardan xəbərdaredici vasitə kimi istifadə edir ki, bu zaman siqnalı eşidən hər kəs radio və ya televizoru işə salmalı, verilən məlumatları dinləməlidir.

"Bu siqnal ictimai yerlərdə (mağaza, teatr, restoran, xidmət obyekti və s.) eşidilərsə, təşkilatın rəhbərliyindən heç bir göstəriş olmadığı halda küçəyə çıxmaq, yaxınlıqdakı sığınacağın və ya təbii daldalanacağın yerini müəyyən etmək (xüsusi yolkənarı işarələr və ya yaxınlıqdakı polis məntəqəsinin köməyi ilə) və orada daldalanmaq lazımdır. Yerləşdiyiniz məkanları (evlər, şəxsi obyektlər) tərk edərkən elektrik və qaz cihazlarını şəbəkədən ayırmağı və ev heyvanlarını daldalamağı unutmayın", - deyə FHN-in qaydalarında qeyd edilir.

Daldalanma prosesi mütəşəkkil şəkildə və cəld həyata keçirilməlidir. Sığınacaqların yeri və giriş yolları xüsusi işarələrlə göstərilir. Hər bir sığınacağa əhali bu işdə məsul olan manqa komandirinin göstərişi üzrə yerləşdirilir.

Fövqəladə hallar və mülki müdafiə orqanlarının göstərişi olmadan sığınacaqlardan və daldanacaqlardan çıxmaq qəti qadağandır.

Müdafiə Nazirliyi: Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam etdirilir

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin üsullarından biri də fəlakət və ya qəza rayonlarından əhalinin köçürülməsidir. Müvafiq qurumlar xəbərdaredici siqnaldan sonra televiziya, radio və ya səsgücləndiricilər vasitəsi ilə əhaliyə toplanış-köçürmə məntəqəsinin nömrəsini və ünvanını, oraya toplanma vaxtını, istifadə olunacaq nəqliyyat vasitəsinin nömrəsini, son məntəqənin ünvanını bildirir. Yerli icra hakimiyyəti orqanları, habelə müəssisələrin, idarə və təşkilatların rəhbərləri köçürülən əhalinin təminatı üçün müvafiq tədbirlər görür.

Əhali köçürülmə haqqında göstəriş alan kimi elektrik və qaz cihazlarını xətdən ayırmalı, kənd təsərrüfatı heyvanlarını və yemlərini təhlükəsiz yerə yığmalı, fövqəladə hallara hazırlıq çantasını götürərək əvvəlcədən elan olunmuş toplanış-köçürmə məntəqələrinə gəlməlidir. Hər kəs özünə aid olan cantanın üzərinə adını, soyadını, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanını qeyd etməlidir. Nitq qüsurlu insanların və uşaqların geyimlərinin astarına xüsusi məlumatlar (adı, soyadı, atasının adı, təvəllüdü, daimi yaşayış yerinin və köçürülmə məntəqəsinin ünvanı) qeyd olunmuş parça tikilməlidir.

Köçürülmə zamanı köməyə ehtiyacı olan insanlara yardım olunmalı, rəsmi qurumların göstərişlərinə sözsüz əməl edilməlidir.

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur – FOTOFAKTLAR

Hərbi ekspert Ramil Məmmədli qeyd edir ki, qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrində hər bir evin həyətində sığınacaqların hazırlanması ilə bağlı tapşırıqlar verilib. Bununla belə, mülki vətəndaşların çoxu sığınacaqların nə qədər vacib olduğunu qavraya bilmir.

O ki qaldı iri şəhərlərdəki zirzəmilərə, ekspert hesab edir ki, sülh vəziyyətində hansı məqsədlə istifadə olunmasına baxmayaraq, həmin zirzəmilərin hərbi əməliyyatlar başlayan kimi sığınacaq kimi istifadə edilməsi vacibdir.

"Dövlət zirzəmilərdən müxtəlif məqsədlərlə – kafe, yeməkxana, bərbərxana və s. kimi istifdadə edən sahibkarlara bu barədə məlumat verir. Sahibkarlar bilirlər ki, hərbi əməliyyatlar, hücumlar və hava zərbələri zamanı bu zirzəmilərdən sığınacaq kimi istifadə ediləcək", - deyə o, bildirib.

R.Məmmədovun sözlərinə görə, cəbhə boyu ərazilərdə, yaşayış məntəqələrində bununla bağlı konkret addımlar atılıb. Həmin yaşayış məntəqələrində zirzəmilərin sığınacaq kimi istifadə edilməsi ilə bağlı təlimatlar verilib.

Ekspert qeyd edib ki, sığınacaqlar müxtəlif xüsusiyyətli olur. Nüvə raketlərinin zərbələrindən qorunmaq üçün və adi hücumlardan qorunmaq üçün sığınacaqlar var. Sovet dövründən Bakı, Gəncə və Sumqayıt kimi şəhərlərdə belə sığınacaqlar tikilib: "Düzdür bəziləri sonradan başqa məqsədlər üçün istifadə edilsə də, böyük bir qismi hələ də təyinatına uyğun olaraq qalır".