BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Bir neçə gündür ki, davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər. Sputnik Azərbaycan xəbər verir ki, onlar şəhidlərimizə rəhmət diləyib, Azərbaycana dəstək olduqlarını vurğulayıblar.
Aktyor Oktay Kaynarca paylaşımında "Türkiyə daim Azərbaycanın yanındadır" sözlərini yazıb.
Aktrisa Tuvana Türkay isə paylaşımını "Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm" sözləri ilə tamamlayıb.
Müğənni Ebru Yaşar "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq" sözlərini qeyd edib.
Müğənni Mustafa Ceceli isə "Vaxtı gəldi, Allah zəfər nəsib etsin" sözləri ilə dəstək olub.
Aparıcı Seren Serengil "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin", - deyə o yazıb.
Seda Sayan Mustafa Kamal Atatürkün məşhur "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamını paylaşıb.
Müğənni Alişan "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün" deyə vurğulayıb. Bundan başqa, müğənni bu gün öz səhifəsində azərbaycanlı müğənni Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını paylaşıb.