Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib. Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir.
Bu gün Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.
Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib.
Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan da bu gün məhv ediliblər. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan isə ağır yaralanıb.