SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub

Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşlə onlayn görüşdə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib.
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

İlham Əliyev qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb. O, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etdiyini xatırladıb.

Dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır", - Azərbaycan Prezidenti deyib.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edilib və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.