SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat verib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir", - deyə Hacıyev bildirib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub:

"Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə "Bir millət iki dövlət" prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir".