QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Moldova Prezidenti azərbaycanlı və erməni diasporuna çağırış etdi

Prezident ayrıca olaraq Moldovada yaşayan azərbaycanlı və erməni diasporunun nümayəndələrinə müraciət edib.
Sputnik

BAKI, 28 sentyabr — Sputnik. Moldova Prezidenti İqor Dodon bazar ertəsi keçirilmiş brifinqdə Azərbaycan və Ermənistan rəhbərliyinə atəşi dayandırmaq çağırışı ilə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Dodon Azərbaycan və Ermənistan arasında baş verənlərin Moldovanı narahat etdiyini deyib.

"Hər iki ölkə Moldova üçün dostdur, bizim yaxşı əlaqələrimiz var, o cümlədən ən yüksək səviyyədə. Biz atəşi dayandırmağa, əmin-amanlığa və sülhə çağırırıq", – Dodon bildirib.

Prezident ayrıca olaraq Moldovada yaşayan azərbaycanlı və erməni diasporunun nümayəndələrinə müraciət edib.

"Biz bir çox millətlərin sülh şəraitində yaşadığı bir dövlətik, ona görə də hamını əmin-amanlığı qorumağa çağırıram. Başa düşürük ki, vəziyyət sadə deyil, emosiyalar çoxdur, lakin mən sizə müraciət edirəm — əziz vətəndaşlar, azərbaycanlılar və ermənilər, bu münaqişəni Moldova ərazisinə keçirməyin, bizdə sakitlik olmalıdır — etirazlar və destabilizasiya olmadan", – Dodon vurğulayıb.