Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.
Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.
Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.
Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.