SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu

İran XİN rəhbəri gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğulayıb və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu qeyd edib
Sputnik

BAKI, 28 sentyabr - Sputnik. Sentyabr 27-də Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, İran Xarici İşlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək,  bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd etdi. O, gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğuladı və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu qeyd etdi.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin son aylar ərzində davam edən son dərəcə təxribatçı fəaliyyətinin davamı olaraq 27 sentyabr tarixində cəbhə xətti boyunca Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının törədilməsi, Azərbaycanlı mülki şəxslərin hədəfə alınması barədə həmkarına məlumat verdi və Azərbaycan Ordusunun beynəlxalq sərhədləri çərçivəsində özünü müdafiə hüququna əsasən, eləcə də dinc sakinərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirləri həyata keçirdiyini qeyd etdi. Bölgədə yaşanan bu gərginliyin bütün məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulandı.