SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər

İtalyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir
Sputnik

BAKI, 27 sentyabr - Sputnik. İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra yerli mətbuata açıqlamasında Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycanın mülki əhalisinin yaşadığı məntəqələrin atəşə tutmasını Cenevrə konvensiyalarının pozulması kimi qiymətləndirib.

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, italyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.

Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı

İtalyan senator, habelə Azərbaycan və Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib. Canluka Ferra Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan effektiv danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqınin diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.

İtalyan senatorun açıqlaması İtaliyanın "İl Tempo", "Agenzia Nova", "Politicamente Corretto", "Adnkronos", "Fortune İtalia", "Maxim İtalia", "Notize Yahoo", "Libero Quotidiano", "TW News" kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İtaliyanın "Agenzia Nova" xəbər agentliyinə açıqlamasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiyasının sədri, Liqa partiyasından olan deputat Rossana Boldi son saatlar Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların artmasından böyük narahatlığını ifadə edib.

Deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk Qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin sülh yolu və danışıqlar vasitəsilə həlli məqsədilə öz səylərini gücləndirəcək.