BAKI, 27 sentyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən bildirir ki, telefon danışığı zamanı Mustafa Şentop “bir millət, iki dövlət” şüarına əsasən, Azərbaycana hər cür dəstək verəcəklərini deyib.
Eyni zamanda, görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü müzakirə olunub.
Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.