BAKI, 26 sentyabr — Sputnik. Yaponiya və Rusiya sülh müqaviləsinin bağlanmasına çox yaxın idilər, lakin Vaşinqton və Moskva arasında qarşıdurmanın güclənməsi buna mane oldu. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe "Nikkey" qəzetinə müsahibəsində bildirib.
Xatırladaq ki, Rusiya və Yaponiya İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi imzalamayıblar.
Abenin sözlərinə görə, Rusiya-Amerika münasibətlərindəki problemlər razılaşmanın əldə olunmasına mane olan amillərdən birinə çevrilib.
"Elə bir hiss var idi ki, biz artıq müqavilənin bağlanmasına yönəlmiş danışıqlara yaxınlaşırıq", – o bildirib.
Abe deyib ki, Yaponiya və Rusiya hətta 2018-ci ildə müqavilənin bağlanmasına çox yaxın olub.
Sindzo Abe səhhətinin pisləşməsi səbəbindən baş nazir postunu sentyabrın 16-da tərk edib. O, Nazirlər Kabinetinə 3188 gün rəhbərlik edib.
Rusiya-Yaponiya ərazi mübahisəsi
Rusiya-Yaponiya sülh müqaviləsinin imzalanmasını Tokionun Cənubi Kuril adaları silsiləsinə (İturup, Kunaşir, Şikotan) və Habomay adalar silsiləsinə iddiası çətinləşdirir. Yaponiya bu məsələdə 1855-ci ilin ticarət və sərhəd müqaviləsinə istinad edir.
Moskvanın mövqeyi isə budur ki, Cənubi Kuril adaları müharibənin nəticələrinə görə SSRİ-nin tərkibinə daxil olub və Rusiyanın adalar üzərində beynəlxalq hüquqla rəsmiləşmiş suverenliyi şübhə altına salına bilməz.