CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

Maarifləndirmə layihəsinin növbəti vebinarında jurnalistlərlə yanaşı, mətbuat katibləri, PR şöbələrin əməkdaşları və rəhbərləri iştirak ediblər
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Biz hər kəsin internetdən və sosial şəbəkələrdən istifadə etdiyi bir dünyada yaşayırıq. Ona görə də bu gün hər hansı bir media resursu irəli aparmaq istəyirsinizsə, press-relizlərin xeyri olmayacaq. Onlayn təşviqata xüsusi diqqət yetirilməlidir. Bu barədə "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 25-də "Medianı necə irəli aparmaq olar" mövzusunda baş tutmuş vebinarda "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova çıxış edib.

"SputnikPro" media resursun təşviqi haqqında: "Çərçivədən kənara çıxmaqdan qorxma!"

Digər işlərlə yanaşı, Anna agentliyin korporativ kommunikasiyalarını, həmçinin "Telegram"da "Zubovski, 4" kanalını idarə edir. 

Anna bundan əvvəl "Valday Klubu"nun direktorunun müşaviri və "Strateji Təşəbbüslər Agentliyi" şirkətində beynəlxalq layihələrin rəhbəri olub.

Vebinar zamanı Anna Starkova press-relizlər yazmağın niyə lazım olmadığı və sosial şəbəkələrdə irəliləməyin niyə vacib olduğuna dair suallara cavab verib.

"Relizlər işə yaramır. Onları sadəcə oxumaq maraqlı deyil. Bu gün heç kəs üç misradan artıq material oxumur. İndiki şəraitdə medianın irəliləməsi üçün sosial şəbəkələrdə daha fəal olmaq lazımdır. Məsələn, əvvəlcə "Telegram" kanalımızın müvəffəqiyyətinə heç kim inanmırdı. Bizim ilk abunəçilərimiz elə öz əməkdaşlarımız idi. Buna baxmayaraq, biz yazmağa davam edirdik, nailiyyətlərimiz, uğurlarımız və ətrafda baş verənlər haqqında yazırdıq. Tədricən abunəçilərin sayı artmağa başladı və bu gün bu, bizim əsas inkişaf alətimizdir", – o vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, press-relizlər yazmağı və loqotipləri yapışdırmağı dayandırmaq lazımdır: "Çərçivədən kənara çıxmaq, dinamik və maraqlı yazmaq, maraqlı aksiyalar yaratmaq lazımdır. Məsələn, koronavirus pandemiyasının başlanğıcında hər yerdə karantin tətbiq olunmağa başlayanda, biz köynəklərin üzərində "Evdə Qalın" yazısını çap etdik və onları sadəcə redaksiyamızın dostlarına göndərdik. Biz onların heç birindən heç nə istəmədik, lakin onlar köynəklərlə şəkil çəkdirməyə və sosial şəbəkədə bu şəkilləri yerləşdirməyə başladılar".

Ekspert həmçinin insanlara yönəlməyi məsləhət görür.

"Əgər brendin bağlı olduğu şəxs varsa, o, həmin brendi təşviq edə bilər. Tədbirlərə gedə, haradasa çıxış edə bilər", – o qeyd edib.

Bununla yanaşı, Anna digər KİV-lərlə münasibətlərin qurulmasının zəruriliyini vurğulayıb.

"Dostlaşmaq çox vacibdir", – Starkova yekunda deyib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyalarının və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndələri müxtəlif formatlarda iştirak edib.

"SputnikPro"un əyani dərsləri Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası bütün ölkələrdən iştirakçılar üçün eyni zamanda açıq olan "SputnikPro"nun online mövsümünü başlayıb. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz.