BAKI, 25 sentyabr — Sputnik. Rəsmi Varşava Minsklə diplomatik münasibətləri kəsməkdən imtina edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Polşa hökuməti Belarusla diplomatik münasibətləri dəstəkləyir və onu kəsmək niyyətində deyil. Beləliklə, rəsmi Varşava Aleksandr Lukaşenkonu legitim prezident olaraq tanımamasına baxmayaraq Minsklə əlaqələri saxlamaq istəyir.
Qeyd edək ki, Belarusa qonşu ölkələr – Latviya, Litva və Polşa artıq Belarusun siyasi böhrandan çıxması üçün kömək planı hazırlayıb. Bundan əlavə, Varşava müxalifət və Minsk arasında dialoqda vasitəçi olmağa hazırdır, lakin digər iştirakçıları vəziyyətə müdaxilə etməməyə çağırır.
Xatırladaq ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.