BAKI, 25 sentyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfirliyi xəbərdarlıq yayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, səfirlik ABŞ vətəndaşlarına gərəkli səbəb olmadan Abşeron yarımadasının hüdudlarından kənara çıxmamağı tövsiyə edir. Bu xəbərdarlıq son günlər Ermənistan – Azərbaycan sərhədində vəziyyətin gərgin olması ilə izah edilir. Səfirlik öz əməkdaşları və onların ailə üzvlərini Abşeron yarımadasını tərk etməmək barədə artıq təlimatlandırıb.
Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülür. Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə, kütləvi toplantılarda ehtiyatlı olmağa çağırıb. Diplomatik korpus bildirib ki, təhlükəsizlik barədə vəziyyəti izləməyə davam edəcək və lazım olduqda əlavə məlumat yayacaq.
Tovuz istiqamətində gərginlik
İyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar.
Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.
İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.
Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.
Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.
20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu "sağ çiyin nahiyəsinin kor qəlpə yarası" xəsarəti alıb.
Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.