CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək

İnfeksionist Natiq Əliyev: "Türkiyədə yayılmış bu ağcaqanadlar Azərbaycan ərazisində görülməyib və COVID-19-la əlaqədar heç bir təhlükəsi də yoxdur".
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Son günlər Türkiyədə bu vaxtadək rast gəlinməmiş çox təhlükəli Asiya pələng ağcaqanadları aşkarlanıb. Onlar son dərəcə təhlükəli xəstəlik daşıyıcıları hesab edilirlər. Bu ağcaqanadlar digərlərindən daha aqressivdirlər və Zika virusu, sarı titrətmə kimi xəstəlikləri daşıya bilərlər.

Hazırkı dövr Azərbaycan üçün də çox həssas bir dönəm hesab edilir. Maraqlıdır, belə bir dönəmdə bu ağcaqanadlar, eyni zamanda da digər həşəratlar ölkəmiz üçün hansısa təhlükə mənbəyi ola bilərmi?

Mərkəzi Neftçilər Xəstəxanasının infeksionisti, COVID-19 xəstələrinin müalicəsi prosesində artıq uzun müddətdir ki, yaxından iştirak edən Natiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, heç bir həşəratın COVID-19-la bağlı təhlükəsi yoxdur. Çünki onlar daşıyıcı funksiyasını yerinə yetirmədikləri üçün bir insandan digərinə COVID-19-u yaya bilməzlər.

"Türkiyədə yayılmış bu ağcaqanadlar Azərbaycan ərazisində görülməyib və COVID-19-la əlaqədar heç bir təhlükəsi də yoxdur. Sadəcə olaraq belə ağcaqanadlar müəyyən zoonotik xəstəliklərin yayılması üçün şərait yarada bilər. Hələlik isə Azərbayanda belə bir təhlükə də görülmür", - deyə infeksionist bildirib.

Payız-qış fəsli gəldiyi üçün kəskin respirator virusların yayılma ehtimalı var, deyə N.Əliyev bildirir ki, COVID-19 yuxarı tənəffüs yolu xəstəlikləri olub hava-damcı yolu ilə keçir və onun heyvandan insana keçmə faktı bu günədək aşkarlanmayıb.