Zelenski Belarusa getməkdən imtina etdi: Lukaşenkonu tanımır

Ukrayna prezidenti Vladimir Zelenski avropalı tərəfdaşları ilə həmrəylik nümayiş etdirərək Belarus Prezidenti Aleksandr Lukaşenkonun legitimliyini tanımadığını bəyan edib.
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarusa nəzərdə tutulan rəsmi səfəri ləğv olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Belarusun Ukraynadakı səfiri məlumat verib.

Qeyd edək ki, Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkonun legitimliyini tanımadığını bəyan edib.

Ukrayna Prezidenti Vladimir Zelenski hakimiyyətin xalqla dialoqa getməyəcəyi təqdirdə, Belarusun siyasi sisteminin iflasa uğrayacağını proqnozlaşdırmışdı.

"Əgər hakimiyyət bu hərəkətlərini, xüsusilə də hüquq – mühafizə orqanlarının öz xalqına qarşı yönəlmiş hərəkətlərini dayandırmasa, onlar çox güclü nəticə əldə edəcəklər – xalqdan cavab alacaqlar", - deyə Zelenski bildirib.

O, Ukraynanın Belarus xalqına dəstək verəcəyini vurğulayıb.

"Əgər hakimiyyət öz doğmaları ilə dialoq imkanı tapmasa, bu, hakimiyyət olmayacaq. Burada Ukrayna həmişə tərəfdaşlarını dəstəkləyəcək və biz bu məsələdə Avropanın bütün ölkələri ilə həmfikirik", – deyə Ukrayna prezidenti qeyd edib.

Qeyd edək ki, avqustun 9–da Belarusda prezident seçkilərindən dərhal sonra ölkəni tətil və etiraz aksiyaları bürüyüb. MSK həmin seçkidə hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80,1% səs toplayaraq qalib gəldiyini elan edib. Onun rəqibi Svetlana Tixanovskaya isə rəsmi məlumatlara görə, 10,1% səslə ikinci yeri tutub.