BAKI, 24 sentyabr — Sputnik. "İctimai TV"nin efirində bu gündən etibarən möhtəşəm layihəyə start verilir. Layihənin rəhbəri bir çox sənədli filmlərin ssenari müəllifi, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. Layihə rəhbərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihə həmin dövrün mətbuatında və arxivdə yazılanlar əsasında həmin dövrün şəxsiyyətləri və onların gördüyü işləri işıqlandıracaq:
"Bir ildən çoxdur ki, "İctimai TV"nin rəhbərliyi ilə birlikdə bu layihə üzərində çalışırıq. "XX Yüzillik" adlanan layihədə 1901-ci ildən indiki dövrədək Azərbaycanın tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdən bəhs olunacaq. Sənədli verilişdə 1901-ci ildə yaşamış görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs olunacaq".
M.Həsənli əlavə edib ki, həftədə bir dəfə yayımlanacaq sənədli verilişdə hansı tarixi şəxsdən bəhs ediləcəksə, o, ancaq tarixi faktlara, arxiv sənədlərinə əsaslanacaq. Tarixi şəxsiyyətlərin atdığı addımlar, gördüyü işlər ictimaiyyətə çatdırılacaq.
"Bilirsiniz ki, XX əsrin əvvəlləri ilə bağlı çoxlu şayiələr, əfsanələr var. İstər həmin dövrdə baş vermiş hadisələr, istər həmin dövrdə yaşamış və fəaliyyət göstərmiş şəxsiyyətlər, istərsə də tarixi abidələr haqqında müxtəlif miflər yaranıb. Məsələn, belə şayiə var ki, Bakıya Şollar suyu Hacı Zeynalabdin Tağıyevin pulu ilə çəkilib. Amma arxiv sənədləri göstərir ki, bu, yanlışdır. Şollar suyunu Tağıyev çəkməyib. Biz bununla Tağıyevin xidmətlərini azaltmaq fikrində deyilik. Əksinə, yeri gəldikcə, Tağıyevin gördüyü xeyirxah işlər barədə silsilə boyu danışılacaq", - deyə layihənini rəhbəri bildirib.
Qeyd edək ki, "XX Yüzillik" adlı sənədli verilişin ilk buraxılışı bu gün saat 22:00-da yayımlanacaq.