BAKI, 24 sentyabr — Sputnik. "Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurub və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarıb. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir".
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini etmişdir. Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan etmiş və beləliklə danışıqlara zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi Ermənistanın "cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir".
Əksinə, Paşinyanın rəbərliyi altında Ermənistan "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.
Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatmışdır. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdmüşdür.
Bu "sınaq" hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük etmiş və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirmişdir. Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan edib.
Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır.
Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.
Prezident cənab İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaq", - XİN-dən bildirilib.
Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın Baş naziri seçilməsindən bu günədək həyata keçirdiyi təxribatçı fəaliyyətini bu linkdəki cədvəldən izləyə bilərsiniz.