BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın paytaxtında növbəti qanlı cinayət baş verib.
Sputnik Azərbaycan-a Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.