BAKI, 24 sentyabr — Sputnik. Gürcüstanda rəsmi səfərdə olan Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı David Zalkaliani ilə görüşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Təkbətək və geniştərkibli görüşlərdən sonra baş tutan mətbuat konfransında gürcüstanlı nazir bildirib ki, Azərbaycanla Gürcüstan arasında partnyor münasibətləri unikal xarakter daşıyır. O, bu əlaqələrin daha yüksək səviyyəyə qalxacağına ümidvar olduğunu bildirib.
"Ölkələr arasında əməkdaşlıq hər il genişlənməkdədir. Biz bir-birimizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da belədir", - Zalkaliani qeyd edib.
C.Bayramov öz növbəsində bildirib ki, Azərbaycan və Gürcüstan xalqları hər zaman mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərimiz hər zaman müstəqillik yolunda birgə addımlayıblar, bir-birini dəstəkləyiblər.
“Bu dəstək bu gün də ikitərəfli və çoxtərəfli platformalarda davam edir. Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Ölkələrimiz beynəlxalq səviyyəli enerji resurslarının, enerji mənbələrinin şaxələndirilməsində böyük rol oynayır”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.
C.Bayramov həmçinin bildirib ki, Ermənistanın Azərbaycanın ərazilərinə təcavüzü nəticəsində Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. "Ermənistan bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib”, - nazir vurğulayıb..
Azərbaycan XİN başçısı bildirib ki, Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir:
“Bizim yanaşmamız beynəlxalq normalara əsaslanır, BMT və digər təşkilatların qərar və yanaşmalarının həyata keçirilməsini tələb edir. Hesab edirəm ki, regionda sülh üçün dövlətlər işğal siyasətinə son qoymalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Məqsədimiz tərəqqi və regionun inkişafına xidmət etməkdir. Həyata keçirdiyimiz layihələr məhz bu istiqamətə xidmət edir”.
Zalkaliani öz növbəsində bildirib ki, Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq davam edir və Gürcüstan tərəfi azərbaycanlı həmkarlarından razıdır. O, həmçinin dövlət sərhədlərinin delimitasiya məsələsinə də toxunaraq qeyd edib ki, koronavirus pandemiyası prosesi uzadıb.
"Əminəm ki, pandemiya bitdikdən sonra bu vəziyyətdən çıxacağıq və hər iki tərəfi qane edən qərarlar veriləcək", - Zalkaliani deyib.
Qeyd edək ki, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib. Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsələlər müzakirə edilir.
C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.