CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək

On səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib.
Sputnik

 

BAKI, 23 sentyabr — Sputnik. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. O deyib ki, sağlamlıq imkanları məhdud uşaqların indiyədək övladlığa götürülməsi praktikası olmayıb: "Buna görə də belə uşaqları övladlığa götürən şəxslərə müavinətin ödənilməsi təklif edilib. Amma bu, hələ layihədir. Bunun üçün "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunub".

C.Şahmalıyev onu da bildirib ki, çox zaman 3 yaşdan yuxarı uşaqlar övladlığa götürülmür: "Buna görə də 3 yaşdan yuxarı uşaqların bir qismi müəssisələrdə qalır. Ona görə də belə uşaqları övladlığa götürən şəxslərə 160 manat aylıq müavinətin ödənilməsi təklif edilib".

Onun sözlərinə görə, bu uşaqların təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanması da təklif edilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və geriyə şamil olunmayacaq.