SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"

Toplantıların hərbi texniki danışıqlar olduğunu vurğulayan Stoltenberq bunların anlaşmazlıqlarla bağlı Almaniyanın həyata keçirdiyi diplomatik səyləri tamamladığını qeyd edib.
Sputnik

 

BAKI, 23 sentyabr — Sputnik. Türkiyə və Yunanıstan arasında Aralıq dənizinin şərq hissəsində durumla bağlı texniki görüşmələrdə "yaxşı bir irəliləyiş" əldə olunub. Sputnik Türkiyə xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İspaniya Baş naziri Pedro Sancezlə görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib.

Stoltenberq xatırladıb ki, Türkiyə ilə Yunanıstan ayırma üsullarının yaradılması, havada və dənizdə istənilməyən hadisələrin və qəzaların qarşısının alınması üçün bu günə qədər bir neçə toplantı keçirib: "Bu toplantılar davam edir. Yaxşı bir irəliləyiş əldə olunub".

Toplantıların hərbi texniki danışıqlar olduğunu vurğulayan Stoltenberq bunların anlaşmazlıqlarla bağlı Almaniyanın həyata keçirdiyi diplomatik səyləri tamamladığını qeyd edib.

Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.