CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi – Ordumuzun yalnız bir məqsədi var

Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Müdafiə Nazirliyi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin "Əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir" fikrinə münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür fikirlərin səsləndirilməsi xalqımızın milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə hərbi qanunlara ziddir.

"Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Xocalı faciəsi, 2016-cı ilin Aprel hadisələri zamanı mülki şəxslərin, 2017-ci ilin iyulunda azyaşlı Zəhra və onun nənəsinin, eləcə də 2020-ci ilin iyulunda 76 yaşlı kənd sakini Əziz Əzizovun qətlə yetirilməsi və digər qanunsuz qətllər Ermənistanın beynəlxalq humanitar hüququn təməl prinsip və normalarını kobud pozmasının bariz nümunəsidir. Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək. Ordumuz bu məqsədə çatmaq üçün tam hazırdır". - Nazirlikdən bildiriblər.