MƏDƏNİYYƏT

Azərbaycana səyahət etmək istəyən əcnəbilər “Ağsaqqal”ı görsünlər – VİDEO – FOTO

Fransada yaşayan Günel Atkinson Nəsibova qeyri-adi masaüstü oyun hazırlayıb. O, Azərbaycan xalqının mədəniyyətini, tarixini və ənənələrini populyarlaşdırmağa imkan verir.
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Fransada yaşayan azərbaycanlı Günel Atkinson Nəsibova qeyri-adi masaüstü oyun yaradıb. “Ağsaqqal” adlanan oyun sosial şəbəkələrdə müzakirə mövzusu olub. Oyunun məqsədi Azərbaycanın dəyərləri, ənənələri, tarixi, mədəniyyəti və incəsənəti barədə biliklərin ötürülərək artırılmasına xidmət etməkdir. Öz ixtirası barədə Nəsibova Sputnik Azərbaycan-a müsahibəsində geniş məlumat verib.

- Günel, Bakıdan Fransaya köçməyiniz necə alındı?

- Bakıda riyaziyyat müəllimlərinin ailəsində doğulub-böyümüşəm. Uşaq vaxtı dama oynamağı sevirdim, hətta 13 yaşım olanda Azərbaycan çempionu adı da qazandım. 15 yaşımda daha bir sürpriz gözləyirdi məni - Freedom Support Act (FSA) proqramının qaliblərindən biri oldum. Bu proqram hər il 50 nəfər yuxarı sinif şagirdinin 1 il müddətində ABŞ-da dəyişmə proqramı vasitəsilə təhsil almasına sponsorluq edirdi.

Bakıya qayıdandan sonra Amerika Universitetinə qəbul olundum və dörd il sonra “İşgüzar idarəetmə” ixtisası üzrə bakalavr diplomu aldım. Maliyyə və mühasibat sahəsində müxtəlif beynəlxalq şirkətlərdə on il işlədikdən sonra qərara aldım ki, təhsilimi davam etdirim.

2010-cu ildə Böyük Brtaniyaya getdim. Əvvəl MBA proqramı üzrə oxuyurdum, sonra diplomlarımın sırasında CIMA diplomunu da qata bildim.  

2014-cü ildə həyat yoldaşımın işinə görə Bakıya qayıtdım və ailəm burada dörd möhtəşəm il keçirdi. Ancaq 2018-ci ildə ərimin müqaviləsi bitdiyindən yenidən Böyük Britaniyaya döndük.

Azərbaycana səyahət etmək istəyən əcnəbilər “Ağsaqqal”ı görsünlər – VİDEO – FOTO

Təzə gəlmişdik ki, Parisə köçəcəyimiz barədə xəbər aldıq. Kefimiz pozula da bilməzdi – Paris nağıl kimi şəhərdir.

Burada artıq üçüncü ildir, yaşayırıq və hər gələn il hiss edirəm ki, Paris daha da doğmalaşır, onu daha çox sevirəm. Amma bunlara baxmayaraq, dünyanın heç bir şəhəri sevimli Bakımın yerini verə bilməz. Gözəl ailəm: həyat yoldaşım Klayv, iki gözəl övladım, oğlum Elvin və qızım Leyli var, buna görə taleyimə minnətdaram.

- Bəs  “Ağsaqqal” oyununu yaratmaq ideyası necə  yarandı? Adı da çox qəribədir.

- İdeyanı uşaqların sayəsində firikləşdim. Anlayırdım ki, Bakıda yaşamayaraq, öz Vətənin haqda yetəri həcmdə məlumat almayaraq, daimi olaraq həmvətənlərinlə ünsiyyət saxlamayaraq öz köklərindən daha da uzaq düşürsən. Bu, kefimi pozurdu. Elə vəziyyəti dəyişmək istəyi də masaüstü oyun yaratmaq ideyasını doğurdu.

Ailəmiz oyunları sevir. Ona görə əmin idim ki, bu formatda mütləq qoyduğum məqsədə çatacam.

- Niyə məhz “Ağsaqqal”?

- “Ağsaqqal” sözünü çox sevirəm. Onunla çox yaxşı assosiasiyalarım var. Ağsaqqal müdriklik və hörməti ehtiva edir, yəni bir sözdə bu qədər dərinlik var. Bu ad ağlıma gələndə dərhal anladım ki, başqa variant axtarmaq heç lazım da deyil.

- Bu, yaratdığınız ilk oyundur?

- Bəli, “Ağsaqqal” ilk oyunumdur. Planımda onu bir az da genişləndirmək var. Yəni davamı olaraq “Ağbirçək” də yarada bilərəm.

- Bu oyunun qaydaları nədir?

- “Ağsaqqal”ın məqsədi Azərbaycanın dəyərləri, ənənələri, tarixi, mədəniyyəti və incəsənəti barədə məlumatları ötürmək və çoxaltmaqdır. Oyunçular bizim ölkənin xəritəsini əks etdirən masaüstü lövhənin üzəriylə “səyahət” edərək ölkə haqda öyrənirlər. Qazanaraq “ağsaqqal” olmaq üçün oyunçu yolda Azərbaycan haqda suallar olan vərəqləri yığaraq səyahəti birinci tamamlamalıdır. Suallar da öz növbəsində bir neçə kateqoriyaya bölünür, həm öyrədici, həm də əyləncəlidir.

Oyun konsepsiyasına görə çətin deyil, amma məzmununa görə xüsusidir, gözəlliyi də elə bundadır.

Azərbaycana səyahət etmək istəyən əcnəbilər “Ağsaqqal”ı görsünlər – VİDEO – FOTO

Oyunun çətinliyinə görə iki mərhələsi var, yəni onu Azərbaycanda yaşayanlar və xaricdə olanlar oynaya bilərlər. Hətta ən xırda detallar da Vətənimizə qarşı diqqət və məhəbbətlə düşünülüb. Məsələn, hərəkət etdirilən fişkalar da sevdiyimiz atributları – paxlava, çarıq, Qarabağ atı – ifadə edir.

- “Ağsaqqal” nə qədər vaxtınızı aldı? Oyunu yaradarkən hansı çətinlikləriniz oldu?

- Rəqəmsal dizayn, test mərhələsi və ilkin protototipinin əldə edilməsi də daxil “Ağsaqqal”ın yaradılmasına bir il sərf etdim. Yeri gəlmişkən, nə qədər narahat olub kədərlənsəm də COVID-19 və onun səbəbindən karantin bir qədər mənə kömək oldu ki, sevimli məşğuliyyətimə daha çox vaxt ayırıım.  

Əlbəttə, çətinliksiz də olmur. Məsələn, əvvəl heç vaxt rəqəmsal dizaynla məşğul olmamışam, müxtəlif proqramlar yükləyib hər şeyi öyrənməyə məcbur oldum. Oyun çapa hazır olan kimi ilk növbədə Bakıdakı naşirlərimizə müraciət etdim, amma belə bir istehsalçı tapa bilmədim. Xarici şirkətlərə müraciət etməli oldum.

Gələcəkdə öz yerli resurslarımızdan, azərbaycanlı istehsalçıların xidmətlərindən istifadə etmək istərdim. İndi bu layihənin maliyyələşməsi ilə bağlı çətinlik var, amma düşünürəm ki, yaxın gələcəkdə məsələ həllini tapacaq.

- Fransada oyununuzu necə dəyərləndirdilər?

- Fransada bizim diasporun nümayəndələrinə “Ağsaqqal” barədə məlumat verdim və onlardan, eləcə də hörmətli səfirimiz Rəhman Mustafayevdən dəstək və xoş arzular aldım. Əlbəttə ki, bu məni çox sevindirdi və qürurlandım.

Oyunum barədə ilk bölüşdüyüm insanlardan biri də həmyerlimiz, gözəl rəssam Əsmər Nərimanbəyova oldu. Parisdə yaşayan Əsmər xanım bizim dahi rəssamımız Toğrul Nərimanbəyovla Azərbaycanın xalq heykəltaraşı Elmira Hüseynovanın qızıdır, gözəl qəlbli bir insandır. O, “Ağsaqqal” oyununun faydasını dərhal qiymətləndirdi və bu istiqamətdə işimi təriflədi.

“Ağsaqqal” hələ satışa çıxmayıb, amma ümid edirəm ki, yaxın gələcəkdə onu almaq istəyənləri sevindirə biləcəyəm.

Azərbaycana səyahət etmək istəyən əcnəbilər “Ağsaqqal”ı görsünlər – VİDEO – FOTO

- Belə bir fikir var ki, demək olar ki, bütün kompüter oyunları ünsiyyəti öldürür, masaüstü oyunlarda isə hər şey tərsinədir – tanışlıq, canlı ünsiyyət, elə coşğu da boldur. Necə bilirsiniz, kompüter oyunları masaüstü oyunları tamamilə sıxışdırıb çıxara bilər?

- Bəli, tamamilə haqlısınız. Masaüstü oyunların gözəlliyi  elə ondadır ki, onlar dost-tanışları, doğmaları bir yerə toplayır, vaxtımızı birlikdə maraqlı keçirməyə imkan yaradır. Məhz bu fakta görə, hesab edirəm ki, kompüter oyunları heç vaxt masaüstü oyunları sıxışdıra bilməz. Ən azından hələ robotlar bəşəriyyəti zəbt eləməyincə (gülür).

- Sizin oyunu Azərbaycanda almaq mümkün olacaq?  

- Əlbəttə, mütləq. Arzum odur ki, “Ağsaqqal” hər bir azərbaycanlının evində olsun.