BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Parlamentinin yeni çağırış millət vəkillərinin Rusiya paytaxtına ilk səfəri baş tutub.
Sputnik Azərbaycan bildirir ki, Rusiya Federasiya Şurasında Milli Məclisin spikeri Sahibə Qafarova ilə Federasiya Şurasının sədri Valentina Matviyenkonun görüşü olub.
“Sizin gəlişinizi çox gözləyirdik və buna böyük əhəmiyyət veririk. Hesab edirəm ki, parlament dialoqu çərçivəsində ikitərəfli gündəmin və beynəlxalq problemlərin müzakirəsi, rəy mübadiləsi, əməkdaşlığımızın sonrakı inkişafının perspektivləri və planları haqda danışıqlar aparmaq üçün yaxşı imkandır”, - Azərbaycan nümayəndə heyətini salamlayan Matviyenko deyib.
O qeyd edib ki, COVID-19 koronavirus pandemiyası səbəbindən məhdudiyyətlər parlamentarilərin əlaqəsinin müntəzəmliyinə təsirini göstərib.
“Hesab edirəm ki, bizim parlamentlərarası əlaqələrimiz ardıcıl inkişaf edir. Əməkdaşlıq üzrə parlamentlərarası komissiya effektiv işləyir. Fəaliyyətimizin koordinasiyasını davam etdirmək vacibdir. Ümumi maraqların olduğu hər yerdə bir-birimizi dəstəkləməliyik”, - o qeyd edib.
Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri sentyabrın 21-də başlayıb. Sabah, sentyabrın 23-də Milli Məclisin spikeri Sahibə Qafarova Federasiya Şurasının payız sessiyası çərçivasində iclasda çıxış edəcək. Bundan başqa, azərbaycanlı deputatlar Rusiya Dövlət Dumasının deputatları ilə də görüşəcəklər. Görüşdə Dövlət Dumasının sədri Vyaçeslav Volodin də iştirak edəcək.
Bundan başqa, Milli Məclisin mətbuat xidməti Sahibə Qafarovanın Rusiya Xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacağını bildirib.