CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşə təhsili sayəsində tanınmış servislərdən birində işə düzələn gəncin uğur hekayəsi

"Təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, peşə təhsili almaq üçün Mərkəzi seçərək tələbələr sırasına daxil olan şəxslərin qazanacaqları kifayət qədər bilik və bacarıq imkanları mövcuddur" - peşə təhsili ilə uğur qazanan gənc.
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. Peşə təhsili artıq gənclərin həyatında önəmli rol oynayır. Əmək bazarında ixtisaslı kadrlara yaranan tələbat gəncləri peşə təhsili almağa həvəsləndirir. Təcrübə göstərir ki, əmək bazarında tələbat olan sahələr üzrə peşə təhsili almaq, əmək bazarında tələbat olmayan sahələr üzrə ali təhsil almaqdan yaxşıdsır. Elə peşə təhsili alanların öz ixtisasları üzrə iş tapa bilməsi də bunun bariz nümunəsidir. Bu siyahıdan olan növbəti müsahibimiz Kamran Sazayırov peşə təhsili sayəsində uğur qazanan gənclər sırasındadır.

Kamran Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Avtomobil diaqnostikası və təmiri üzrə usta" ixtisasının məzunudur. Deyir ki, avtomobil ixtisasını seçməyinə səbəb bu sahəyə olan xüsusi marağından irəli gəlib:

"Peşə təhsilinin karyeramın inkişafında faydalı olacağını düşündüm. Apardığım araşdırmalar nəticəsində Mərkəzlə tanış oldum. Mərkəz haqqında məlumat aldığım zaman praktiki məşğələlərə üstünlük verilməsi diqqətimi cəlb edən məqamlardan oldu. Çünki, ümumiyyətlə peşə təhsilinin ən əsas üstünlüyü zənnimcə, təcrübəyə əsaslanan dərslərin təşkil olunmasıdır. Mərkəzdə təhsil almağım ixtisasım üzrə mənə kifayət qədər bilik və bacarıq, həmçinin təcrübə qazandırdı. Bundan əlavə tanınmış servislərdən birində işlə təmin olundum".

Kamran hazırda "Şərq Motors" avtoservisində "avtomobil diaqnostikası və təmiri üzrə köməkçi" vəzifəsində çalışır.

"Təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, peşə təhsili almaq üçün Mərkəzi seçərək tələbələr sırasına daxil olan şəxslərin qazanacaqları kifayət qədər bilik və bacarıq imkanları mövcuddur. Yüksək səviyyəli pedoqoji heyətin olması, 60-70% praktiki məşğələlərə əsaslanan təhsil proqramı, müasir avadanlıqlarla təchiz olunmuş emalatxanalar, əməkdaşlıq edilən şirkətlərdə təcrübə imkanı, işlə təmin olunma şansının yüksək olması, hətta 3 illik təhsil aldığınız zaman subbakalavr səviyyəsini uğurla başa vurub ali təhsil almaq imkanının olması kifayət qədər böyük üstünlüklərdir", - deyə Kamran Sazayırov əlavə edib.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.