HADİSƏ

Astarada elektrik naqilləri qırılıb inəkləri öldürdü

Bundan bir müddət əvvəl də oxşar hadisə baş verib, bugünkü artıq 3-cü oldu. Ayrı-ayrı fərdi təsərrüfatlara məxsus bir dəfə bir inək, bir dəfə bir camış elektrik cərəyan vurmasından ölüb
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Bu gün səhər saatlarında Astara rayonunun Şiyəkəran kəndində yerli fermerə məxsus mal-qaranı elektrik cərəyanı vurub. Sputnik Azərbaycan-ın  məlumatına görə, fermer təsərrüfatı Şiyəkəran kənd sakini Heydərov Şaiq Təyyar oğluna məxsusdur.

Şaiq Heydərov Sputnik Azərbaycan-a bildirib ki, mal-qaranı örüşə yola saldıqdan 10 dəqiqə sonra işçiləri ona zəng edib: "İşçimiz mənə zəng vurub dedi ki, malların hamısını elektrik cərəyanı vurub. Avtomobilimlə özümü həmin yerə çatdırdım. Gəlib gördüm ki, 3 heyvan yerdə can verir, digərləri də ətrafa dağılışıblar. Tez zəng vurdum və elektrik verilməsini dayandırdılar. Hər 3 malın boğazını kəsdim ki, bəlkə, ətindən istifadə edə bildik, lakin artıq yaşılımtıl qan axdığını gördüm. Artıq onlar istifadəyə yararsızdır və mənə 7 min manatadək ziyan dəyib. Elektrik naqillərinin bu cür vəziyyəti ilə bağlı bir neçə dəfə aidiyyatı qurumlara həm şifahi, həm də yazılı şikayətimizi bildirmişik.

Naqillər təxminən 2 ildir, bu vəziyyətdədir, qırılır, yapışdırılır. Hətta bu yaxınlarda elektrik naqili qırılmadan ağacların budaqlarının arasına ilişmişdi. Qonşu təsərrüfatın işçisi ağacla naqilləri bir-birindən ayırmaq istəyəndə cərəyan vurmuşdu. Çox şükür ki, cərəyan vurmasından ölmədi. Bu gün də, Allaha şükür, kimsəyə bir şey olmadı, lakin mənə ziyan dəydi. Bundan bir müddət əvvəl də oxşar hadisə baş verib, bugünkü artıq 3-cü oldu. Ayrı-ayrı fərdi təsərrüfatlara məxsus bir dəfə bir inək, bir dəfə bir camış elektrik cərəyan vurmasından ölüb".     

Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. “Azərişıq”dan Sputnik Azərbaycan-a verilən məlumata əsasən, artıq zərər çəkən fermerlə görüşülüb və dəyən ziyan kompensasiya edilib. Bu cür hadisələr yağış və güçlü külək nəticəsinə tez-tez baş verir. Bundan əlavə, bir müddət əvvəl Şiyəkəran kəndinin Elektrik təsərrüfatının tamamilə yenidən qurulması üçün layihə hazırlanıb və yaxın müddətdə işlərə başlanılacaq. Bununla belə, artıq kəndin bəzi hissələrində elektirk dirəkləri və dayaqlar da dəyişdirilərək yeniləri ilə əvəz edilib.