SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: BMT-ni Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırdı

İlham Əliyev: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir".
Sputnik

BAKI, 21 sentyabr — Sputnik. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

İlham Əliyev onu da qeyd edib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

"Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir", - deyə dövlətimizin başçısı bildirib.