Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda son vaxtlar saxta əlilliyin ləğvi istiqamətində ciddi işlərə başlanılıb. Ölkəmizdə 7000-dən çox saxta əlillik ləğv edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib ki, 923 dializ xəstəsinə aid olan məlumat Səhiyyə Nazirliyinin dializ sistemində olmadığı üçün həmin əlillik halları ləğv edilib.
Qeyd edək ki, ölkəmizdə "Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə"də qeyd edilib ki, birinci dərəcə əlillik, xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, eyni zamanda xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Əlilliyin müəyyən olunması meyarlarına görə, xroniki böyrək çatışmazlığının terminal mərhələsində birinci qrup əlillik təyin olunur.
Sputnik Azərbaycan dializ xəstələrinin əlilliyinin hansı halda ləğv edilməsinin mümkünlüyünü araşdırıb.
Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, tibb elməri namizədi, Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dializ xəstələrinin saxta yolla əlillik alması xroniki böyrək xəstələri ilə bağlı komissiyanın və Səhiyyə Nazirliyinin səlahiyyətindən kənar məsələdir: "Ola bilər ki, xəstə gedib dializ mərkəzində üç-dörd seans dializ alıb, həmin zaman da oradan arayışı aparıb verib sosial təminat şöbəsinə, onlar da ona əlillik dərəcəsi müəyyən ediblər.
Böyrək xəstələrində bəzən yaxşılaşma periodu əmələ gəlir, xəstə dializdən ayrılır. Həmin zaman xəstənin nə özü, nə də yaxınları dövlət müəssisəsinə və sosial təminat şöbəsinə xəbər verirlər ki, xəstəmiz dializdən aralanıb. Bu zaman həmin xəstənin adı avtomatik olaraq həmin mərkəzin həkimi tərəfindən reyestrdə siyahıdan çıxardılır. Amma xəstənin adı sosial təminat şöbəsində qalır. Çünki həmin xəstə əlilliyinə görə müavinət alır. Amma yoxlayanda görürlər ki, xəstənin adı reyestrdə yoxdur, bununla belə dializ xəstəsi kimi müavinət alır".
F.Babayev bildirir ki, Səhiyyə Nazirliyi Sosial Təminat şöbələrinə müdaxilə və nəzarət etmir: "Dializ xəstələrinə əlilliyin verilməsində başqa əyri yollar varsa, biz özümüz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsin, məsələ araşdırılsın. Respublikada dializ aparılan bütün mərkəzlərdə olan xəstələrin adı vahid reyestrdə siyahıdadır. Bu siyahı isə Səhiyyə Nazirliyinin siyahısıdır. Əgər saxta sənədlə alan varsa, hüquq-mühafizə orqanlarında bunu araşdırsınlar".
Baş nefroloq deyir ki, ölkəmizdə 3820-yə yaxın dializ xəstəsi var. Amma onun sözlərinə görə, bu xəstələrin sayı dəyişir: "Ola bilər ki, o xəstələr arasında ölüm halları baş versin. Yaxud da yeni xəstə dializə cəlb oluna bilər. Onların hamısı pulsuz, dövlət hesabına dializ alır. Amma bununla belə, imkanlı və sığortası olan xəstələr özəl mərkəzlərdə dializ alırlar. Bu, dövlət proqramı olduğu üçün bütün xroniki xəstələrə pulsuz dializ təklif olunur".
Bəzən xəstələrin adı dializ xəstələri ilə bağlı reyestrdə çıxmaya bilər. "Bir dəfə belə hal baş vermişdi. 13 xəstənin adı portalda çıxmamışdı. Amma onlar dializ alırdılar. Biz həmin xəstələri dializ aldıqları üçün tanıyırdıq. Portalda onların ad və soyadların yeri səhv düşmüşdü. Bu mexaniki səhvə görə 13 xəstənin adı portalda aşkarlanmırdı. Biz rəy yazdıq, problem həll olundu", - həkim bildirib.
F.Babayevin sözlərinə görə, xəstə dövlət hesabına dializ alırsa, onlara əlillik təyin olunur: "Ona görə də dializ xəstələrinin saxta əlilliyi ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıır".
Həmsöhbətimiz onu da bildirir ki, böyrək xəstəliyi xroniki xəstəlik olduğu üçün belə xəstələr ömürlük sağalmırlar: "Amma xəstələrdə remissiya dövrü olur. Böyrəkdə sağalma prosesi başlayır, xəstə müəyyən pəhrizlər gözləməklə, dərmanlarla müəyyən dövrdə xəstəliyin aktivliyi azalır. Bununla belə, heç kəs buna təminat verə bilmir ki, böyrək özünü necə aparacaq. Ona görə də, ola bilər ki, bir həftədən sonra belə xəstələr yenidən dializ üçün müraciət etsinlər. Biz bir həftə müddətində dializə müraciət etməyən xəstələrlə özümüz əlaqə saxlayırıq. Əgər xəstə dünyasını dəyişibsə, bu zaman onun adı sistemdən çıxarılır".
Baş nefroloqun sözlərinə görə, Azərbaycanda 45 mərkəzdə dializ köçürdülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, 923 nəfər barədə məlumat "Səhiyyə Nazirliyinin hemodializ xəstələrinin elektron reyestrində" mövcud olmadığı üçün onların əlillik dərəcəsi etibarsız hesab edilib: "Qeyd olunan şəxslərin bir qismində böyrək transplantasiyası əməliyyatı icra olunduğu üçün, digərləri isə ümumiyyətlə, hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilməsinə baxmayaraq həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılmışlar. Bu səbəbdən bilavasitə həmin şəxslərə əlillik təyinatları da etibarsız hesab edilmişdir. Böyrəkköçürmə əməliyyatı icra olunan şəxslərin cari vəziyyətinə uyğun əlillik dərəcəsinin təyin edilməsi üçün böyrək transplantasiyası əməliyyatı ilə bağlı epikrizlərini yaşadıqları rayon üzrə Tibbi-Sosial Ekspert Komissiyalarına təqdim etmələri tövsiyə edilir. Bundan sonra adıçəkilən şəxslərin əlillik təyinatı məsələsi araşdırılaraq müvafiq qərar veriləcək".
F.Babayev də Sputnik Azərbaycan-a bildirib ki, dializ xəstələrinə böyrək köçürüldüyü halda onların adı dializ xəstələrinin siyahısından çıxardılır.