Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 sentyabr — Sputnik. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə 15 ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün 15 ildən 49 ilədək müəyyən oluna bilər.
Bəs torpaq resursları məhdud olan bələdiyyə ərazilərində 49 il uzun müddət deyilmi? Torpaqların istifadəsində yerli sakinlər üçün müddət məsələsi problem yarada bilərmi?
"Mülki cəmiyyətə doğru" Mərkəzin rəhbəri Abil BayramovSputnik Azərbaycan-a deyib ki, torpaqların istifadəsində, dövriyyəsində müddət ilə bağlı məsələ problem deyil:
"İstifadə müddətinin nə qədər olmasından asılı olmayaraq əsas məsələ torpaqlardan səmərəli və ilk növbədə yerli əhalinin mənafeləri nəzərə alınmaqla istifadə olunmasıdır. Bələdiyyələr qərarlarını qəbul edən zaman ictimai iştirakçılıq təmin olunmalıdır, yəni ilk növbədə vətəndaşlarla razılaşdırılmış qərarlar qəbul edilməlidir. Belə olan zaman torpaqdan istifadə müddətinin nə qədər olması problem yaratmaz".
O bildirib ki, bizdə bələdiyyələr yerli sakinlərin rəyini nəzərə almadan qərarlar qəbul etdiyinə görə torpaqların istifadəsində müddət məsələsi problem yarada bilir: "Amma hər hansı bir qərar, o cümlədən torpaqlardan istifadə ilə bağlı qərar qəbul olunan zaman yerli sakinlərin rəyi nəzərə alınarsa, müddət məsələsi problem yaratmaz. Amma təəssüf ki, bələdiyyələr qərar qəbul edəndə yerli əhalinin rəyini nəzərə almırlar, yəni problem daha çox bununla bağlıdır. Yerli özünü idarəetmə orqanlarının elə xüsusiyyəti də ondan ibarətdir ki, qəbul edilən qərarlar mütləq razılaşdırılmış, yerli əhalinin mənafeyini nəzərə alan qərarlar olmalıdır. Torpaq tükənən resursdur. Bu mənada torpaqlara münasibətdə xüsusi həssaslıq olmalıdır".
"Əsas problem yerli səviyyədə qərarların qəbul olunmasında ictimai iştirakçılığın təmin edilməməsidir. Yerli sakinlər bələdiyyənin istənilən qərarını mübahisələndirə bilərlər. Bu, həm məhkəmə qaydasında, həm də yerli sakinlərin bələdiyyədən hesabat tələb etməsi formasında ola bilər. İctimai nəzarət olmadan bu qərarların effektivliyini təmin etmək mümkün deyil. Vətəndaşlar bələdiyyədən tələb edə bilərlər ki, qəbul etdiyi qərarı əsaslandırsın", - deyə o qeyd edib.
Mərkəzin rəhbəri bildirib ki, torpaqdan istifadə ilə bağlı xüsusi məhdudiyyət yoxdur: "Başlıca məsələ torpağın təyinatına uyğun istifadə edilməsidir. Üstəgəl həmin istifadənin bələdiyyə büdcəsinə nə dərəcədə gəlir gətirmə potensialı qiymətləndirilməlidir. Bütün bu məsələlər kompleks qiymətləndiriləndən sonra torpaqlar ilə bağlı qərarlar qəbul olmalıdır. Həm bələdiyyənin fəaliyyətində, həm də qərarların qəbulunda sərbəstlik prinsipi təmin olunmalıdır. Eyni zamanda yerli əhalinin maraqları nəzərə alınmalı, ictimai iştirakçılıq, hesabatlılıq və s. təmin olunmalıdır".
"Bütün bələdiyyə ərazilərində torpaq resursları eyni həcmdə deyil. Elə bələdiyyələr var ki, orada torpaq resursları məhduddur. Belə olanda bələdiyyə maksimum səmərəlilik prinsipindən çıxış etməlidir. Bunu da ancaq yerli əhali ilə razılaşdırmaqla edə bilər. Hətta bələdiyyələr ildə bir dəfə torpaqların dövriyyəsi ilə bağlı hesabat verməlidir və demək olar ki, belə hesabatlılıq yoxdur", - deyə o əlavə edib.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə Sputnik Azərbaycan-a deyib ki, torpaqların çox qısa müddətə, yəni 2-3 ilə istifadəyə verilməsi düzgün olmaz:
"Məsələn, şəxs vəsait yatırıb meyvə bağları salıbsa, onun bəhrəsini sonra görəcək, yəni bu, vaxt aparır. Digər bir misal olaraq şəxs 7 illik kredit götürərək bağlar salıbsa, o bir müddət sonra gəlir götürməyə başlayacaq. Əgər torpaq 2-3 illiyə istifadəyə verilsə, o zaman oraya pul qoymağa maraqlı olmazlar. Yəni torpaqları daha qısa müddətə istifadəyə versək, problem həll edilməyəcək. Əksinə, insanlar bu yerlərə vəsait qoymağa maraqlı olmayacaqlar. Torpağı istifadəyə götürən şəxs hər hektara görə illik 20 manat vergi ödəyir".
"Lakin əgər şəxs torpağı götürüb istifadə etmirsə, təyinatına uyğun istifadə etmirsə, torpağı ondan almaq olar. Amma ümumilikdə bu məsələlər təhlil edilməli, araşdırılmalı, optimal yollar seçilməlidir", - deyə o əlavə edib.
Qeyd edək ki, torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycanın torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar.