BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bur neçə gün əvvəl intihar etmiş ibtidai sinif müəllimi Naidə İsayeva ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Paylaşımda deyilir: "Sentyabrın 16-da Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın intihar etməsi xəbəri Təhsil Nazirliyi, eləcə də bütün təhsil ictimaiyyəti tərəfindən dərin narahatlıq və kədər hissi ilə qarşılanıb.
Müxtəlif media orqanlarında mərhum müəllim haqqında qeyri-dəqiq və yoxlanılmamış məlumatların təqdim edilməsi böyük təəssüf doğurur.
Bununla bağlı Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb. O, Bakı Humanitar Kollecini ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirdikdən sonra 2016-cı ildən Bakı şəhəri 92 nömrəli tam orta məktəbdə müəllim kimi işləməyə başlayıb. 2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayıb və Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayıb.
Naidə xanım çalışdığı kollektivin xatirəsində hər zaman dəyərli təhsil işçisi olaraq qalacaq.
Təhsil Nazirliyi bir daha Naidə İsayevanın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"