MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb

Festivalın bağlanış və mükafatlandırma mərasimi 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib
Sputnik

BAKI, 19 sentyabr — Sputnik. Rejissor Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib.

15-18 sentyabr 2020-ci il tarixlərində Türkiyənin tarixi Kapadokya bölgəsində Beynəlxalq Turizm Filmlər Festivalı keçirilib. Festivalda Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin "My Country Azerbaijan" turizm tanıtım filmi "Ölkə" nominasiyasında 1-ci yerə layiq görülərək "Qızıl Mükafat" alıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 5-ci dəfə reallaşan festivalda bu il 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edib. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalın film nümayişləri 16-17 sentyabrda Nevşehir Qalasında açıq havada reallaşıb.

Festival çərçivəsində konfranslar, görüşlər, foto sərgiləri, fotosafari və atelye çalışmaları keçirilib.

Festivalın bağlanış və mükafatlandırma mərasimi isə 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən "Beynəlxalq Turizm Filmləri Festivalı"nda daha öncə də Fuad Quliyevin filmləri müxtəlif mükafatlara layiq görülüb. Bakı Media Mərkəzinin istehsalı olan "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" turizm filmi 2018-ci ildə dünyanın müxtəlif ölkələrində keçirilən Turizm Filmləri Festivallarında müxtəlif mükafatlar alıb.