CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd rayonun alış-veriş etdiyi bazar üç günlük bağlandı

"Şəki Bazar" ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah Şəkidə "Bazar" adlanan ərazidə koronavirusa kütləvi yoluxma barədə məlumat yayıb. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "Şəki Bazar" ASC-də epidemioloji vəziyyətə dair Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

"Şəki Bazar" ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb. Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra "Şəki Bazar" ASC fəaliyyətini davam etdirəcəkdir. Məlumat üçün habelə bildiririk ki, "Şəki Bazar" ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.