SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampdan şok yaradacaq anons: Fələstin İsraillə barışacaq

Tramp fələstinlilərə yardımı niyə dayandırdıqlarını açıqlayıb: "Biz onlara ildə 750 milyon dolar vəsait ayırırdıq, onlar isə bizim ölkəmiz haqqında çox pis şeylər deyirdilər".
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. "Ölkəmizin tarixində ən böyük xəta Yaxın Şərqə getmək idi. Biz ora getdik və hər iki tərəfdən xeyli sayda insan vəfat etdi. Bu, çox qorxulu bir səhv idi". Sputnik Azərbaycan "Fox News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti keçirdiyi mətbuat konfransında bildirib.

Yaxın Şərqin illərdir "qanla dolu" olduğunu vurğulayan Tramp hazırda regionun bir çox ölkəsi ilə sülhü müzakirə etdiklərini qeyd edib:

"Ən sonunda Fələstin də İsraillə barışmaq üçün gələcək. Bilirsiniz ki, fələstinlilərə ayırdığımız maliyyə yardımlarını daha əvvəl dayandırdım. Biz onlara ildə 750 milyon dollar vəsait ayırırdıq, onlar isə bizim ölkəmiz haqqında çox pis şeylər deyirdilər. Buna görə maliyyə ayrılmasını dayandırdım. Sonra çox zəngin ölkələr Fələstinə maliyyə ayırmağa başladı, indi isə həmin ölkələr də İsraillə anlaşır".

Tramp, həmçinin son zamanlar Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səudla telefonla danışdığına işarə edib: "Məncə, günün sonunda Səudiyyə Ərəbistanı da İsraillə anlaşacaq. Bunun dəqiq məlumat olduğunu söyləmirəm, amma kral Salmanla həyata keçirdiyim danışıqlarda hisslərim bunu deyir".

Qeyd edək ki, sentyabrın 15-i Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Bəhreynin XİN rəhbərləri Şeyx Abdulla ibn Zaid əl-Nahayyan və Abdel Lətif əz-Zayani İsraillə əlaqələri normallaşdırmaq məqsədilə bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə müqavilə imzalayıblar.

İmzalama mərasimi ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilib.

Razılaşmalara görə, İsrail İordan çayının qərb sahilində məskunlaşma siyasətini dayandıracaq. Bu, Fələstin-İsrail münaqişəsinin həllinə dair ABŞ planında da nəzərdə tutulub.