SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tofiq Yaqublunun səhhətinə zərər gəlməsində maraqlı olan qüvvələr var - Zahid Oruc

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc: "Əminliklə deyə bilərəm ki, hökumət Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil.
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. "Əminliklə deyə bilərəm ki, hökumət Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil. Tofiq Yaqublu əyani olaraq tanıdığımız bir insandır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

"Təəssüflər olsun ki, Tofuq Yaqublunun səhhətinə zərər gəlməsində maraqlı olan qüvvələr var", - deyə deputat əlavə edib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Tofiq Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, sentyabrın 1-də ölüm aclığı elan edib. Son günlər səhhətində ağırlaşma baş verdiyindən, cəzaçəkmə müəssisəsindən Sity Hospital-a köçürülüb.