Tofiq Yaqublunun məhkəməsi 28 sentyabra təyin edildi

Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Sputnik

BAKI, 17 sentyabr — Sputnik. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.

Bunu Sputnik Azərbaycan-a onun vəkili Elçin Sadıqov bildirib.

O qeyd edib ki, iclas sentyabrın 28-i saat 15.00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.