BAKI, 17 sentyabr — Sputnik. 26 mart 2020-ci il tarixdə Qaradağ rayonu ərazisində Laləzar Kərimliyə çoxsaylı bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə Qaradağ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sputnik Azərbaycan Qaradağ rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, istintaqla zərərçəkmişin qayını Səbuhi Kərimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Laləzar Kərimlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.