CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda yeriyən təhlükələr: Nə ölümdən qaça bilirlər, nə də cərimədən

Elməddin Muradlı: "Moped və velosiped sahibləri tərəfindən törədilən qəzaların sayı artıq Daxili İşlər Nazirliyini də narahat edir. Bu səbəbdən də velosiped və moped istifadəçiləri haqqında ciddi tədbirlər görülür".
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Bu gün şəhərin küçələrində yol-hərəkəti qaydalarına önəm verməyən, piyada səkiləri ilə hərəkət edən, işıqforun işıqları, yol nişanlarının tələblərinə məhəl qoymayan moped, motosikl və velosiped sürücüləri ilə qarşılaşırıq. "Yol mənimdir, istədiyim kimi gedərəm" fikri ilə yollarda şütüyən belə sürücülərin iştirakı ilə baş verən qəzaların sayı da gündən günə artır.

Təkcə bu ilin 6 ayı ərzində moped və velosiped istifadəçilərinin iştirakı ilə 21 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr zamanı 8 nəfər ölüb.

Araşdırmalar zamanı moped istifadəçilərinin çoxunun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilsə də, onlar haqqında hüquqi ölçü götürülməyib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, moped və velosiped idarə edənlər arasında yol hərəkəti qaydalarını pozanların sayı kifayət qədər çoxdur. Onlar bu nəqliyyat vasitələrini oyuncaq kimi idarə edirlər.

"Yol hərəkəti haqqında qanun"un 38-ci maddəsində onların hüquq və vəzifələri yazılıb. İnzibati Xətalar Məcəlləsinin 338 –ci maddəsində isə, onları gözləyən məsuliyyət növləri barədə qeydlər var. Yəni moped və velosiped istifadəçiləri dəbilqə taxmalı, işıqforun tələblərinə riayət etməli, piyadalara yol verməli, idarə etdikləri nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalı və digər bu kimi qaydaları yerinə yetirməlidirlər. Bunları pozduqda isə qanunvericilikdə 40 manat cərimə nəzərdə tutulub", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, moped və velosiped iştirakçıları tərəfindən baş verən qəzaların sayı artıq Daxili İşlər Nazirliyini də narahat edir. Bu səbəbdən velosiped və moped istifadəçiləri haqqında ciddi tədbirlər görülür. Lakin bütün tədbirlərə baxmayaraq, hələ də bu tipli yol-nəqliyyat hadisələri baş verir, ölüm, xəsarət alma halları qeydə alınır.

Sən vurmadın, mən yıxılmadım, günahkar kimdir?

E.Muradlı əlavə edib ki, bu sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

Motosikl sürücüsü Royal Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, velosiped və moped qəzaları zamanı ölümə səbəb nəqliyyat vasitəsini əks istiqamətdə və kaskasız idarə etməkdir.

"Bəzi motosatış şirkətləri 49 kub motosikl-mopedləri (onların idarə edilməsi və satışı zamanı sürücülük vəsiqəsi tələb edilmir) istənilən yaşda yeniyetmə və gənclərə satır. 13-17 yaşlı uşaqlar bu mopedləri alıb, idarə edirlər. Yol hərəkəti qaydalarını düzgün bilməmək, 49 kub-a qədər olan mopedlərdə əyləc və mühərrik sisteminin yaxşı işləməməsi qəzaların baş verməsi ilə nəticələnir", - deyən sürücü bildirir ki, digər ölkələrdə mopedlərin satışı və isarəetməsi zamanı sürücülük vəsiqəsi və A1 kateqoriya tələb edilsə də, Azərbaycanda 49 kub-a qədər vasitələrə kateqoriya tələb edilmir.

R.Hüseynov hesab edir ki, sürücülük vəsiqəsi tələb edilərsə, qəzaların sayı azala bilər:

"Azərbaycanda motosikl sürücülərinə diqqət çox azdır. Avtomobil sürücüləri motosikl sürücülərinə əhəmiyyət vermir, avtomobilin yan güzgülərinə baxmırlar. Əsasən yaşlı sürücülər və qadınlar motosikl sürücülərinə fikir vermirlər. Baş verən qəzaların 70 faizi avtomobil sürücülərinin diqqətsizliyi üzündən baş verir. Motosikl sürücüləri tıxacda dayanıb gözləməməlidir. Ancaq avtomobil sürcüləri motosikl sürücülərinin hərəkətinə mane olmağa çalışırlar".

R. Hüseynovun sözlərinə görə, bəzi şirkətlər çatdırma xidməti üçün işçi götürəndə A kateqoriyası tələb edir: " Düzdür bəzi şirkətlər sifarişlərin çatdırılması üçün limit qoyur. Amma qəzaların baş verməsinə əsas səbəb motosikl və moped idarə edənlərin özgüvəni və qaydalara əməl etməməsidir".Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu günə qədər yol hərəkəti qaydalarını pozan 30-a yaxın moped və motosikl hərəkətdən kənarlaşdırılaraq dayanacağa qoyulub.

Velosipedçilər və mopedçilər nəzarətə götürüldü

"Onların sürücülük vəsiqəsi olmasa belə, hərəkət iştirakçılarıdır və qanunun tələblərinə uyğun məsuliyyət daşıyırlar. "Sürücülük vəsiqələri yoxdur deyə onlar heç bir məsuliyyət daşımır" fikri düzgün deyil. Onların arasında skeyt, moped, velosiped, motosikl iştirakçıları da var. Bu hərəkət iştirakçılarının nömrəsi, sürücülük vəsiqəsi yoxdur deyə istədikləri kimi hərəkət edə bilməzlər", - deyə V. Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda həmin nəqliyyat vasitələrinin qeydiyyata alınması ilə bağlı məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, 50 kub sm-ə qədər mexaniki nəqliyyat vasitələrinin 18 yaşından yuxarı şəxslərə sürücülük vəsiqəsi olmadan idarə edilməsinə icazə verilir.

"Hazırda isə belə hərəkət istifadəçiləri saxlanılır, sənədləri yoxlanılır. Hadisə baş verdikdən sonra, iştirakçı hadisə yerindən gedibsə və onun sürücülük vəsiqəsi, idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsi yoxdursa, o zaman onun şəxsiyəti təhlükəsizlik kameraları tərəfindən müəyyən edilir. Bizim tanıdan kameralarımız var", - deyə Əsədov vurğulayıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Toğrul Nəsirli də deyib ki, motosiklet və moped idarə edənlər tez-tez yol hərəkəti qaydalarını pozurlar:

"Bəzən onlar sıxlıq olan ərazilərdə moped və motosikllərlə piyaların hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarla hərəkət edirlər. Bu da digər hərəkət iştirakçısı olan piyadalar üçün təhlükə yaradır. Motosiklet və moped idarə edənlər də hərəkət iştirakçılarıdır və qaydalara əməl etməlidirlər".

Darısqal yollar uğrunda “müharibə”: Kimə olar, kimə olmaz müəmması var

Nəsirli velosiped sürücülərinə tövsiyə edir ki, onlar üçün ayrılmış zolaqlardan istifadə etsinlər. Bu olmadığı təqdirdə, yol kənarı ilə hərəkət edib, işıqforun, yol nişanlarının tələblərinə riayət etsinlər.

"Bu hərəkət istifadəçiləri düşünməsin ki, qaydaları pozsalar, onları heç kim müəyyən edə bilməyəcək və ya heç bir məsuliyyət daşımırlar. Əməkdşalarımız tərəfindən kobud qayda pozan velosiped istifadəçiləri saxlanılır. Onlar haqqında İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin müəyyən bəndinə əsasən tədbirlər görülür", - deyən T. Nəsirli vurğulayıb ki, məqsəd cərimə tətbiq etmək deyil, amma qayda pozan sürücülərə cərimələr tətbiq edilir.

Sürücülərə motodəbilqədən, şlemdən istifadəni tövsiyə edən Nəsirlinin sözlərinə görə, sürücülük vəsiqəsi olmayan hərəkət istifadəçiləri qayda pozduğu halda cərimə onların şəxsiyyət vəsiqəsi əsasında yazılır.

"Əgər bu vəsait ödənilməsə, müəyyən müddətdən sonra üzərinə dəbbəpulu gəlir. Yenə ödənilməsə, şəxs məhkəməyə verilir. Hər bir vətəndaş, hər bir hərəkət iştirakçısı qanun qarşısında eynidir", - deyə Nəsirli əlavə edib.