Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 16 sentyabr — Sputnik. "Azərbaycan və Türkiyə arasında münasibətlər elə səviyyədədir ki, iki ölkə arasında viza rejimi ola bilməz".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda çıxışı zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, hazırda Türkiyə və Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi müzakirə olunur: "Bu məsələ Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdə də qaldırılıb. Onun həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq. Biz hazırda texniki baxımdan sənədlərin razılaşdırılması ilə məşğuluq. Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da biz buna nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur".
Xələf Xələfov vurğulayıb ki, Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətini təşkil edir.
Nazir müavini, həmçinin bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib.