BAKI, 16 sentyabr — Sputnik. Bundan sonra daha çox müəssisənin kassa çeklərində Qarabağa dair şüarların yerləşdirilməsi mümkün ola bilər. DAİR Hotellər və Restoranlar Assosiasiyası bir qrup təşəbbüskarın (Mosaic Group MMC, Adnan Hüseyn, Fəxrəndə Həsənzadə və s.) irəli sürdükləri ideyanı dəstəkləyərək, ölkədə fəaliyyət göstərən hotel, restoran, kafe, ticarət və sair iqtisadi seqmentlərə aid olan müəssisələrə idarəetmə proqramlarını təmin edən şirkətlər və eyni zamanda, ölkədə e-kassa sisteminin tətbiq edilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinə müraciət edərək, həmin sosial təşəbbüsü dəstəkləməyə çağırıb.
Bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir DübəndiSputnik Azərbaycan-a məlumat verib: "İdeyamız qeyd edilmiş müəsissələrdə istehlakçılara təqdim edilən servis və kassa-hesablaşma çeklərində #KarabakhisAzerbaijan #StopArmenianAggression (bunlar dəqiqləşdiriləcək və yeni təkliflər olduqda, onları da nəzərdən keçirəcək) şüarların (cümlələrin) yazılmasından ibarətdir. İdeyanın realizə edilməsi nəticəsində məqsəd əhalinin və eyni zamanda (yaxın gələcəkdə - beynəlxalq turizm bərpa olduqdan sonra) xarici qonaqların Qarabağın acı həqiqətləri haqqında məlumatlandırılmasını artırmaqdır.
Müraciətdə qeyd edilir ki, Azərbaycanın hər bir vətəndaşı Qarabağla əlaqəli və torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda hər hansı bir fəaliyyətdə vətənpərvərlik nümayiş edib, fəal olmalıdır və hər bir vətəndaş bu istiqamətdə əlindən gələni etməlidir. Bununla yanaşı, assosiasiyamız hotelləri, ictimai iaşə müəssisələrini və digər təsərrüfat obyektlərini sosial-patriotik layihənin realizəsinə qatılmağa çağırır".
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına dəstək olaraq (#BizBirlikdəGüclüyük) layihənin realizəsində fayda verə bilən hər birinizə müraciət edib, təşəbbüsün dəstəklənməsini xahiş edirik, bu istiqamətdə fəallıq və təşəbbüskarlarla vətəndaş həmrəyliyi nümayiş etməyə çağırırıq", - deyə S.Dübəndi bildirib.
DAİR Hotellər və Restoranlar Assosiasiyasının ekspertləri əlaqəli şirkətlərə müraciət edərək ideyanın realizə edilməsi üçün tələb edilən texniki imkanları artıq müzakirə edib və bu istiqamətdə yaxın günlərdə əməli proseslərin başlanmasını planlaşdırıb.