MƏDƏNİYYƏT

Xanım Əhmədiyeva: "Sən Supersən!" mənim üçün ailə olub

Qələbə əsas deyil, müsabiqə onsuz da iştirakçılara çıxış etmək və özünə qalib gəlmək imkanını verir. Azərbaycanlı ifaçı belə hesab edir.
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Sentyabrın 20-də NTV telekanalında Sputnik Beynəlxalq Agentliyi və Radiosunun dəstəyi ilə təşkil olunmuş "Sən Supersən!" beynəlxalq vokal müsabiqəsinin dördüncü mövsümü start götürür. Azərbaycanı layihədə Bakıdan olan 15 yaşlı Xanım Əhmədiyeva təmsil edir. O, artıq keçən il də şouda iştirak edib.

Sputnik-in müxbiri Danara Kurmanova məşqlərarası fasilədə Xanımla söhbət edib və onun birinci çıxışa necə hazırlaşdığını öyrənib.

Bütün iştirakçılar doğmalaşıb

Keçən il Xanım Moskvadan Bakıya cəmi bir neçə saat ərzində çatmışdı, bu dəfə isə yol, demək olar ki, bir neçə sutka uzanıb.

"Uzun səfər idi – pandemiyaya görə Bakıdan Rusiyaya birbaşa reys yoxdur. Biz də Türkiyədən uçduq. Təkcə İstanbul hava limanında 12 saat gözləmişik. Bir də virusa görə bizi Moskva hava limanında yoxlayıblar. Buna görə də çox yoruldum", – qız deyir.

Xanım Əhmədiyeva: "Sən Supersən!" mənim üçün ailə olub

Amma dərhal əlavə edir: "Buna baxmayaraq, bütün çətinliklərə dəyərdi". Axı Xanım müsabiqə iştirakçıları üçün darıxıb, onların bir çoxu isə məhz yeni mövsümdə səhnəyə qayıdacaq – şounun qaydaları belədir.

"Mən buraya qələbə naminə gəlməmişəm, sadəcə dostlarımı görməkdən xoşbəxtəm. Bütün müsabiqəçilər mənim üçün artıq doğmadır, mən onları böyük bir ailə kimi qəbul edirəm və Moskvaya yaxın adamlarla görüşmək fikri ilə uçmuşam", – Xanım etiraf edir.

O əlavə edir: "Yeni iştirakçılarla da dostlaşmağa macal tapmışam. Ona görə də bu mövsüm "Sən Supersən!"dən təəssüratlar əvvəlki mövsümdə olduğu kimi yaxşıdır".

Layihə sayəsində utancaqlığını dəf edib

Hələ bir il əvvəl Xanım rus dilində bir kəlmə də bilmirdi və bu dili elə layihə zamanı öyrənməyə başlayıb. Bakıya qayıdandan sonra isə o, müəllimlə xüsusi məşğul olub və indi qız dil maneəsini hiss etmir.

"İndi mən, demək olar ki, hər şeyi başa düşürəm. Burada hamı elə mehribandır ki, hətta dili bilmədən də uşaqlarla ünsiyyət qurmaq mənim üçün rahat idi. Buna görə də məndə rus dilini öyrənmək arzusu yarandı. Yeni mövsümə hazırlaşarkən ingilis dili biliyimi də artırmışam", – Xanım deyir.

Amma ən əsası: müsabiqə qıza öz utancaqlığını aradan qaldırmağa kömək edib: "Bu xasiyyətimə görə məndə çox şey ilk dəfədən alınmırdı. 6 yaşında oxumağa başlamışam, amma uzun müddət tərəddüd edirdim və ağzımı belə aça bilmirdim. Nəticədə, artıq uşaq evində yaşayarkən rəfiqəm musiqi rəhbərinin yanına gedib və deyib: "Onu qrupunuza götürün, o, sadəcə özünü göstərə bilmir". "Sən Supersən!"də iştirak edəndə isə necə açılışdığımı hiss etdim".

Pandemiyada özü məşğul olub

Xanım uşaq evinə beş il bundan əvvəl valideynləri boşananda qardaşı ilə birlikdə düşüb. Xanımın bacısı da var - indi o, xalasının yanında yaşayır və qızlar bir-biri üçün çox darıxırlar.

"Mən çox arzu edirəm ki, biz birlikdə yaşayaq, istəyirəm ki, bizim öz mənzilimiz olsun. Ümid edirəm ki, müsabiqə sayəsində gələcəkdə musiqiçi olacağam və doğmalarıma kömək edə biləcəyəm", - Xanım deyir.

O, şouya hazırlaşmaq üçün güclü şəkildə məşğul olub – pandemiyaya görə bəzi musiqi dərnəklərinin hətta onlayn işləməməsinə baxmayaraq: "Məhdudiyyətlər tətbiq olunana qədər bir çox mahnını öyrənmişdik, sonra isə sadəcə olaraq hər gün özüm oxuyurdum".

Xanım Əhmədiyeva: "Sən Supersən!" mənim üçün ailə olub

Gənc ifaçını uşaq evinə getməzdən əvvəl dördüncü sinfə qədər oxuduğu məktəbdə də dəstəkləyirlər: "Hamı mənə azarkeşlik edir, mən oraya getmişdim, müəllimlər mənə "əhsən" deyirlər."

"Anam məni hamıdan çox dəstəkləyir. O, tez-tez bizə gəlir. Yeri gəlmişkən, anamızın musiqi duyumu var, buna görə də mənim vokal qabiliyyətim irsidir", – Xanım deyir.

Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun "Sən Supersən!" layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Layihənin yeni mövsümündə qəyyum ailələrdən, internat məktəblərdən və uşaq evlərindən 58 uşaq iştirak edir.