BAKI, 16 sentyabr — Sputnik, Lev Rıjkov. Bazar günü, sentyabrın 20-də NTV telekanalında Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun dəstəyi ilə çətin ailə şəraitində yaşayan istedadlı uşaqlar üçün xüsusi olaraq təşkil olunmuş vokal müsabiqənin yeni mövsümü start götürür.
Yeni simalar və köhnə tanışlar
Bu il müsabiqədə Rusiya, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Belarus, Estoniya, Ukrayna və Moldovadan 58 uşaq iştirak edəcək. İştirakçılar arasında yeni ifaçılarla yanaşı, ötən mövsümlərin finalçıları da olacaq.
Rəsmi starta sayılı günlər qalsa da qızğın iş gedir. Sentyabrın 16-da birbaşa efirdə yeni mövsüm təqdim olunub.
“Mənim üçün “Sən supersən!” həyatımda ən vacib layihələrdəndir, - NTV telekanalının baş prodüseri Timur Vaynşteyn söyləyib. – Bizim layihəmiz böyük bir ailədir. Layihənin nəzdində yaradılmış xeyriyyə fondunun köməyilə istedadlı uşaqlara 8.5 milyon rubl həcmində 45 stipendiya ödənir. Həddi-büluğa çatana qədər iştirakçılarımızı maksimal surətdə dəstəkləyirik”.
Ötən mövsümlərin qalibləri olan Valeri Adleyb və Diana Ankudinovanın arzusu gerçək olub: onlar Moskvada mənzil alıblar. Ötən mövsümün sonunda isə əsl möcüzə baş verib. Biznesmen və mesenat Mixail Qutseriyevin sayəsində 12 finalçının hamısı Rusiya paytaxtında evlə təmin olunub.
Bundan başqa, Timur Vaynşteynin sözlərinə görə, bir çox istedadlı uşaqlar yeni ailələr tapıblar. Məktəbi bitirən iştirakçılar isə sahə üzrə məktəblərdə və prestij ali məktəblərdə təhsil alaraq peşəkar yönümdə inkişaflarını davam etdiriblər.
“Bu mövsümdə uşaqların necə böyüdüklərini göstərmək istəyirik, - NTV-nin təmsilçisi deyib. – Ona görə də hər bir seçmə proqramda hazırda peşəkar yollarına davam edən bir nəfər məzunumuz, ötən mövsümün iştirakçısı çıxış edəcək. “Sən supersən!” müsabiqəsinin ilk mövsümünədək sosial yönümlü layihələrin şou şəklində, praym-taymda efirə getməsi qəbul olunmamışdı. Ancaq biz dərhal inandıq ki, bu təkcə RF üçün deyil, başqa ölkələr üçün bir hadisəyə çevrilməlidir. Hazırda YouTube-da bizim baxış sayımız 600 milyondan çoxdur, reytinqimiz də əladır”.
Sərhədləri aşaraq
Keçmiş SSRİ-də istedadlı uşaqların axtarışı ilə ənənəvi olaraq Sputnik agentliyi məşğul olur. Bu il karantin məhdudiyyətləri bu işi də çətinləşdirib.
“Axtarışla bağlı çətinlik olmadı, - “Rossiya Seqodnya” BİA-nın ictimaiyyətlə əlaqələr üzrə direktoru Pyotr Lidov-Petrovski deyib. – Sərhədləri keçəndə isə problemlər oldu. Estoniyadan olan qız Finlandiyadan paromla gəldi. Qırğızıstan və Azərbaycandan olan qızlar İstanbuldan təyyarə ilə gəldilər. Gürcüstandan olan qız Şimali Osetiyadan Vladiqafqaza keçərək buraya təyyarə ilə uçdu. Belarusdan olan qız da sərhədi piyada keçdi”.
Hazırda layihə iştirakçıları Moskva yaxınlığındakı istirahət bazasında yaşayırlar. Bu mövsüm onlar üçün əyləncəli tədbirlər ləğv olunub. Ancaq bu onlara müəllimləri ilə daha çox məşğul olmağa imkan yaradacaq.
Müsabiqənin münsiflər heyətinə Diana Arbenina, Aleksey Vorobyov, müğənni Yolka, prodüser və bəstəkar İqor Krutoy kimi ulduzlar daxildir.
Valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Sən supersən!” beynəlxalq vokal layihəsini RF Maarif Nazirliyinin dəstəyilə NTV telekanalı Sputnik Beynəlxalq İnformasiya agentliyi və Radiosu ilə birlikdə keçirir.