HADİSƏ

Gəlin qaynatasını yemək masası arxasında qanına qəltan etdi

Aysel Axundova 5 il əvvəl gəlin gəlib. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub. A.Axundovanın  yenidən ər evinə qayıtmaq istəyi qaynatasının narazılığına səbəb olub
Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Astarada bıçaqlanma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata əsasən, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Nadir Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Axundova tərəfindən bıçaqlanıb. N.Axundovun həyat yoldaşı Azadə Axundova hadisə zamanı evdə olduğunu Sputnik Azərbaycan-a bildirib:

“Bir neçə saat öncə mən otaqda idim, yoldaşım isə mətbəxdə oturub şam edirdi. Həyətin o biri tərəfində gəlinin ayrı öz evi var. Birdən gəldi, qışqırdı, səsə mən çıxdım, gördüm yoldaşım qan içində yerdə uzanıb. Bıçaq götürüb gəlib və 2 zərbə vurduqdan sonra qaçıb. Daha sonra özü gedib polislərə təslim olub və qaynatasını bıçaqladığını etiraf edib. Gəlinin bizimlə heç bir problemi olmamışdı, sadəcə özü boşanmaq üçün məhkəməyə ərizə verib”.

Məlumat üçün bildirək ki, Aysel Axundova 5 il əvvəl gəlin gəlib. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub. A.Axundovanın  yenidən ər evinə qayıtmaq istəyi qaynatasının narazılığına səbəb olub və buna görə də gəlin mətbəx bıçağı ilə qaynatasını bıçaqlayıb.

Qeyd edək ki, kürək nahiyəsinin sol tərəfindən 2 bıçaq zərbəsi alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunub, vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sutka ərzində respublika ərzində ikinci hadisədir ki, qadın kişini bıçaqlayır. Mingəçevirdə, Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.