RUSİYA

Lukaşenko Rusiyadadır: Putinlə gələcək münasibətləri aydınlaşdıracaq

Lukaşenko Putinlə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini, ittifaq münasibətləri mövzusunu, beynəlxalq problemləri və regiondakı vəziyyəti, qarşıya çıxan çağırışlara birgə reaksiya məsələlərini müzakirə edəcəklər
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasına səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, prezident təyyarəsinin hava limanından qalxmasının videogörüntülərini "Pul Pervoqo" kanalı yayıb.

Bu, avqustun 9-da keçirilmiş prezident seçkisindən sonra Belarus liderinin Rusiyaya ilk xarici səfəri olacaq.

Öz növbəsində "Sputnik Belarus" prezidentin mətbuat xidmətinə istinadən bildirir ki, işgüzar səfər çərçivəsində Soçidə bazar ertəsi Belarus dövlət başçısı ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək və danışıqlar "təkbətək" formatda baş tutacaq.

"Liderlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini, ittifaq münasibətləri mövzusunu, beynəlxalq problemləri və regiondakı vəziyyəti, qarşıya çıxan çağırışlara birgə reaksiya məsələlərini müzakirə edəcəklər", - məlumatda bildirilir.

Avqustun 9-da hazırkı Belarus lideri Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra Belarusda müxalifətin kütləvi etiraz aksiyaları başlayıb.