Minskdə etiraz aksiyası zamanı milis atəş açdı

DİN-in son məlumatlarına görə, Belarus paytaxtının müxtəlif hissələrində bazar günü 400-dən çox adam saxlanılıb
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. Belarusun Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Minskin mərkəzində keçirilən aksiya zamanı atəş açılması barədə yayılmış xəbərlərə aydınlıq gətirib.

Sputnik Belarus xəbər verir ki, güc strukturu öz əməkdaşlarının Qaliblər prospektində müxalifətin aksiyasında iştirak edən bir neçə şəxsi saxladıqlarını deyib. Məlumata görə, bu zaman digər nümayişçilər, “yüz nəfərdən çox adam həmin saxlanılanları milisin əlindən almağa çalışıb”. Hadisə bazar günü yerli vaxtla 18:00-da baş verib.

“Qanunsuz əməllərin qarşısını almaq məqsədilə havaya pompa silahından xəbərdaredici atəş açılıb”, - DİN-dən bildirilib.

Qurumdan həmçinin deyilib ki, hadisədən təxminən bir saat sonra Minskdən başqa, demək olar ki, ölkənin digər şəhərlərində etiraz aksiyaları dayanıb. Minskin müxtəlif rayonlarında 400-dən çox adam isə polis tərəfindən saxlanılıb.

Nazirlik Belarus paytaxtında aksiya zamanı səs-işıq effektli qumbaradan istifadə olunmasını təkzib edib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

Etiraz aksiyalarında yüzlərlə şəxs həbs olunub, 4 nəfərin həlak olduğu bildirilir.