BAKI, 13 sentyabr — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili özünün Facebook səhifəsində rtvelidən – üzüm yığımından şəkillərini paylaşıb.
Fotoda dövlət başçısı əlində ağzınadək üzümlə dolu mavi ləyən tutub. Təbəssümündən də bəllidir ki, prezident xanım prosesdən böyük həzz alır.
Sputnik Gürcüstan bildirir ki, “rtveli” adlanan üzüm yığımı mövsümü bu il Kaxetidə avqustun 22-də başlayıb. Fermerlər əsasən üzümün erkən sortlarını yığırlar. Milli Şərab Agentliyinin məlumatına görə, indiyədək Kaxetidə 24 min ton üzüm yığılıb ki, bu da 24 milyon lari edir.
Adətən, rtvelidə siyasətçilər, diplomatlar, ictimai xadimlər, artistlər, eləcə də milli ənənələri qoruyanlar böyük həvəslə iştirak edirlər.
İllərdir, rtveli zamanı əyləncəli tədbirlər, yarışlar, konsertlər keçirilir. Ancaq koronavirus pandemiyası səbəbindən bu il Gürcüstanda rtvelinin bağlanışının necə keçəcəyi bəlli deyil.
İndiyədək “Rtveli-2018” ən uğurlu hesab olunur. O zaman Kaxetidə 230 min ton üzüm yığılıb, fermerlərin gəliri isə 300 milyon larini (90 milyon dollardan çox) aşıb. Bu mövsümdə də bol məhsul gözlənilir.